Türkiyə səfiri: "Qarabağ münaqişəsi həll edilməyincə, regionda sabitlik olmayacaq"

"Bizim qəlbimizdə bir qapanmayan yara var, bu da Dağlıq Qarabağ münaqişəsidir. Bu gün İraq, Suriya kimi yerlərdə bir çox ədalətsizliklər davam edir. Amma Dağlıq Qarabağda ədalətsizlik uzun müddətdir mövcuddur".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyə səfirli Basın Müşavirliyinin Azərbaycan mediasının təmsilçiləri üçün təşkil etdiyi iftar süfrəsində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

 

"Bu ədalətsizlik bitməyincə, regionda sabitlik olmayacaq. Türkiyə həmişə Azərbaycanın yanındadır və yanında olacaq. O gün mütləq gələcək ki, məsələ də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq" .

 

Son illər ərzində jurnalistikanın inkişafından danışan E. Özoral bildirib ki, bu gün Azərbaycanın jurnalistikası müasir texnologiyalardan istifadə edir.

 

"Türkiyə də həmişə Azərbaycana kömək etməyə hazırdır, yetər ki, Azərbaycan bizdən bunu tələb etsin" - deyə o, vurğulayıb.

 

Türkiyənin Azərbaycandakı səfirliyi mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil edib.

 

Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və xanımı, səfirliyin mətbuat üzrə müşaviri Hamit Karadeniz, Azərbaycanın aparıcı KİV-lərinin təmsilçiləri iştirak ediblər.

 

Mərasimdə çıxış edən H. Karadeniz qonaqları Ramazan ayı münasibətilə təbrik edib və oruc tutmağın vacibliyindən danışıb. Eyni zamanda jurnalistlərin həqiqətin çatdırılmasında vacib rolunu da qeyd edib. Müşavir çıxışında Azərbaycan-Türkiyə qardaşlığından da danışıb və jurnalistlərin bu qardaşlığın qorumasının zəruriliyindən də söz açıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR