Kommunal problemlərin "ASAN" həll yolu tapıldı

Artıq bir ildən çoxdur yaradılan "ASAN Kommunal" mərkəzində vətəndaşlar heç bir çətinlik yaşamadan və vaxt itirmədən kommunal problemlərini rahatlıqla həll edə bilirlər.

 

APA TV-nin xəbərinə görə, mərkəzdə "Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB tərəfindən 45 növ xidmət göstərilir.

 

"Göstərilən xidmətlər bunlardır - abonent məlumatlarının təşkil edilməsi, itmiş və zədələnmiş kartların bərpası, əhali və qeyri-əhali qruplarına texniki şərtin verilməsi, yeni istehsalçının qeydiyyata alınması, qüsurlu ödənişlərin bərpa olunması. Texniki şərtin verilməsi ödənişsizdir, quraşdırılması isə ödənişlidir. Abonent məlumatlarının dəyişiklik edilməsi, bir də zədələnmiş, itmiş kartların bərpası ilə bağlı daha çox müraciət olunur. Ən çox da qeyri-əhaliyə texniki şərtlərin verilməsi. Vətəndaş ev alırsa və ya indiyə kimi öz adına keçirməyibsə, bizə müraciət edir, abonent və ya sayğacın kodu varsa, onu gətirir, biz onun ad dəyişməsini edirik".

 

"Abonent məlumatlarında dəyişiklik, smart tipli sayğacların əvəz olunması səbəbindən yeni kartların verilməsi, mexaniki sayğacların verilməsi, koda düşmüş kartların koddan çıxarılması, qüsurlu ödənişlərin bərpası, yeni qazlaşma, yeni texniki şərtlərin verilməsi. Vətəndaş yeni ev alır, başqa ünvana köçür, o zaman ona aid olan mülkiyyəti təsdiq edən sənədləri təqdim edir, bu zaman addəyişmə xidməti həyata keçiririk".

 

"Enerji təchizatında qoşulmaq istəyən abonentlər bizə mülkiyyəti təsdiq edən sənədlərlə  müraciət edə bilərlər. Zədələnmiş kartları yenisi ilə bərpa edirik, karta məbləğ yüklənmədikdə, biz həmin məbləği karta yükləyirik, smart-kartda yeni abonentin adını dəyişə bilirik. Sayğacın zədələnməsi ilə bağlı müraciət edə bilərlər, 5 iş günü ərzində bu məsələni həll edirik".

 

"ASAN Kommunal” mərkəzində işıq, su və qazdan başqa, bank və sığorta xidmətləri  də fəaliyyət göstərir. Vətəndaşlar mərkəzdə göstərilən xidmətləri yüksək qiymətləndirirlər.

 

- "Azərsu" kartını dəyişdirmək üçün müraciət etmişəm, çox yaxşıdır, razıyam. Növbəsiz tez köməklik göstərirlər. Orda vaxtımız itirdi, amma burda hər şey yaxşı tez olunur".

 

- "Müqavilə bağlamaq üçün gəlmişəm, sağ olsun "ASAN Xidmət", kömək edir. Qazın bağlanması üçün müqavilə bağlayıram. Əvvəl çox çətin idi, bilmirdik haradadır, hansı ünvandadır, get-gəl olurdu".

 

- "Sayğac dəyişiblər bizdə, kart götürməliyəm, köhnə sayğac idi. İndi yeniləyiblər. Hazırdır, 15 dəqiqəyə alacam kartı".

 

- "Qazı öz adıma keçirmək istəyirəm, gəlmişəm eləyir, çox da rahat. Getmişdim qaz idarəsinə, ordan başqa yerə göndərdilər, ona görə də gəldim bura. Hamısından rahat, 5 dəqiqəyə verirlər kağızı indi".

 

Qeyd edək ki, hazırda Bakıda iki "ASAN Kommunal" mərkəzi fəaliyyət göstərir. Növbəti - 3 saylı "ASAN Kommunal" mərkəzinin Bakıda, Ukrayna dairəsi yaxınlığında açılması planlaşdırılır.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR