Londondakı bina yanğını əhalini ayağa qaldırdı

İngiltərənin paytaxtı Londonda 24 mərtəbəli binada baş vermiş yanğın etirazlara səbəb olub. APA TV-nin məlumatına görə, sosial şəbəkələrdə təşkilatlanan çoxsaylı insan yanan binanın yerləşdiyi Kensinqton bələdiyyəsinin qarşısına toplaşıb.

 

Nümayişçilər rəsmilərdən yanğına görə məsuliyyəti üzərlərinə götürmələrini, eləcə də, faciədən sonra itkin düşdüyü bildirilən onlarla insanın aqibəti barədə məlumat verilməsini, zərərçəkənlərin bölgədəki başqa binalarda yerləşdirilməsini tələb ediblər.

 

Aksiya iştirakçıları bildiriblər ki, bələdiyyə nümayəndələri bina sakinlərinin təhlükəsizliklə bağlı şikayətlərinə laqeyd yanaşıblar. Onlar “Dərhal ədalət istəyirik” şüarını səsləndiriblər.

 

Hiddətlənən bir qrup aksiya iştirakçısı isə bələdiyyə binasına daxil olub və orada şüarlar qışqırıb.

 

London polisi aksiyanı iki helikopterlə nəzarətdə saxlayıb və atlı polis əməkdaşları ərazidə növbə çəkib.

 

İngiltərə mətbuatının məlumatına görə, binanın üzlükləri sakinləri illərdir narahat edirdi və son dörd il ərzində bələdiyyəyə bununla bağlı çoxsaylı şikayətlər edilib. Lakin binada aparılan yoxlamadan sonra bələdiyyə heç bir təhlükənin olmamasına dair rəy verib.

 

120 mənzillik binada baş verən yanğın nəticəsində dünyasını dəyişənlərin sayı ilə bağlı ziddiyyətli məlumatlar var. Rəsmi məlumata görə, faciə nəticəsində 30 ölüb. “Sky News” telekanalı isə 70 nəfərin öldüyü barədə məlumat yayıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR