Brayza Bakıda Trampı tənqid etdi

"Biz vaxtilə Bakı-Tbilisi-Ceyhan layihəsini reallaşdırmağa başlayanda, ABŞ-ın hazırkı dövlət katibi Reks Tillerson bu layihənin əleyhinə idi".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Bakıda səfərdə olan ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza "Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət" adlı konfransda deyib: "Bu gün dünyada əsas prioritet məsələ enerji resurslarının idarəolunması, ticarətin inkişafı və digərləridir. ABŞ öz enerji resurslarına nəzarət etməlidir. O ki qaldı dövlət katibi Reks Tillersonun BTC layihəsi ilə bağlı vaxtilə tutduğu mövqeyə, o, ABŞ hökumətinin biznesə müdaxiləsini istəmirdi, biz isə əksini düşünürdük və sonunda bu layihə reallaşdı".

 

Brayza qeyd edib ki, məhz regiondakı üç dövlət, yəni Azərbaycan, Türkiyə və Gürcüstan bu kəmərin işə düşməsində mühüm rol oynayıb: "Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl bu layihənin başlanğıcında iştirak etmişdi. Çünki Türkiyə bu layihənin icrası prosesində mühüm rol oynamaq istəyirdi".

 

Sabiq diplomat hazırkı Ağ ev rəhbəri Donald Trampı tənqid etməyi də unutmayıb: "Prezident Trampın xarici siyasəti, siyasətə baxışı yoxdur. Onun, sadəcə, başında fırlatdığı bir neçə ideya var. Lakin fikirlərində heç bir ardıcıllıq yoxdur".


Metyu Brayza qeyd edib ki, dövlətin vacib funksiyalarından biri özünün xarici siyasət kursunu dəqiq müəyyənləşdirməsidir: "Bu gün ABŞ planlaşdırılmamış dərəcəli xarici siyasət yeridir. Dövlət Departamenti ilk növbədə özünün 5 və ya 10 illik xarici siyasət kursunu müəyyənləşdirməlidir. Bundan əlavə biz indi Birləşmiş Ştatların xarici siyasətinin əsas dəyərləri üzərində fokuslanmalıyıq".

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR