Azərbaycanda biznesə başlama prosedurları sadələşdirilib

“İnvestisiyaların təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində son dövrlərdə vergi güzəşt və azadolmalarının sayı artıb”.

 

APA TV-nin məlumatına görə, bunu bu gün Vergilər Nazirliyi tərəfindən vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklərə həsr olunmuş təqdimat mərasimində Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva deyib.

 

Onun sözlərinə görə, hazırda Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü olmaqla cəmi 129 güzəşt və azadolma mövcuddur: “Ölkəmizdə biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyən edilib. Mövcud vergi sistemi sahibkarlığı və ixracı təşviq edir. Ötən müddət ərzində ölkədə biznesə başlama ilə bağlı prosedurlar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən etibarən elektron qaydada qeydiyyata alınır. “Doing Business 2017” hesabatına görə ölkəmiz “Biznesə başlama” indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında isə 1-ci yerdədir”.

 

S.Musayeva ölkə prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli fərmanı və bu xəritələrdə xarici investisiyaların stimullaşdırılması ilə bağlı müəyyən edilmiş hədəflər barədə məlumat verib.

 

Bu gün Vergilər Nazirliyi tərəfindən vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklərə həsr olunmuş təqdimat mərasimi keçirilib.

 

Vergilər nazirinin müavini İlkin Vəliyev qeyd edib ki, Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabət qabiliyyətliliyinə nail olunması üçün vergi xidmətində mütərəqqi beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır.

 

Tədbirdə mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb, tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR