Sofiyada “Əzəmət nümunələri - Azərbaycan xalq sənəti” adlı sərgi açılıb

Sofiya şəhərində, Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində “Əzəmət nümunələri - Azərbaycan xalq sənəti” adlı sərgi açılıb.

 

APA TV-nin xəbərinə görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən təşkil edilən sərgidə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, gündəlik məişəti, incəsənətini əks etdirən müxtəlif çeşidli (təqribən 57 ədəd) eksponatlar - zərgərlik məmulatları, bəzək əşyaları, tikmə nümunələri, Azərbaycanın xalçaçılıq məktəbinin ənənələrini göstərən xalça məmulatları və s. maddi-mədəniyyət nümunələri nümayiş etdirilir.

 

Sərgidə Bolqarıstanın Prezident Administrasiyası, Vitse-prezidentinin ofisi, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT, həmçinin yaradıcı sənət təşkilatları və özəl sektorun nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyinin direktoru Petko Xristov sərginin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzeyin əməkdaşlarına təşəkkürünü bildirib.

 

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova sözügedən sərginin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində təşkilindən məmnunluğunu bildirib. O, sərginin təşkilatçılarından olan Azərbaycan Xalça Muzeyinin 1967-ci ildə yaradıldığını və dünyada xalça üzrə ixtisaslaşmış ilk muzey olduğunu diqqətə çatdırıb. 2014-cü ildən etibarən muzeyin yeni binasının bükülmüş xalça formasında olduğunu söyləyən səfir muzeyin təşəbbüskarının Azərbaycan xalçaları üzrə fundamental əsərlərin müəllifi olan xalçaçı-alim Lətif Kərimov olduğunu qeyd edib. Xanım diplomat iştirakçıları Azərbaycan xalq yaradıcılığının şah əsərlərini görmək üçün ölkəmizə səfər etməyə dəvət edib.

 

Sərgidə həmçinin Azərbaycan xalq sənətinin incəliklərini əks etdirən video-çarx nümayiş olunub və ziyarətçilərə “Avropa 2001” jurnalının Azərbaycana həsr olunan xüsusi buraxılışı təqdim olunub. Açılış mərasimindən sonra qonaqlara Azərbaycan milli təamları təqdim olunub.

 

Sərgi iyulun 30-dək davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR