Astarada bu il 300 ton bal istehsal olunacaq - REPORTAJ

Astara arıçıları bir neçə gündür may balının süzümünə başlayıblar.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, ötən il bölgədə arı xəstəlikləri səbəbindən məhsuldarlıq kəskin aşağı düşsə də, bu il fermerlər arı ailələrindən kifayət qədər məhsul götürəcəklərinə ümid edirlər.

 

Arıçı Tural Hidayətov bu il məhsuldarlığın bol olacağını deyir: "Keçən il arılar yaza yaxşı çıxdı, amma məhsul olmadı. Bu il əksinə, xəstəlik nəticəsində xeyli arı qırılsa da, yerdə qalan arılar yaxşı məhsul yığa bildilər. Havalar əlverişli keçdiyindən yaxşı məhsul oldu, keçən illə müqayisədə 3 qat yaxşı oldu. Bir yeşikdən 6-10 kq olurdusa, bu il 20-25 kq arılar məhsul yığa bilib".

 

Azərbaycan Arıçılar Assosiasiyasının komissiya üzvü Firuz Teymurov deyir ki, ötən il arılarda yaranan kütləvi xəstəliklərin 99 faizi geridə qalıb. Həm də xəstəliklər yeni süzüləcək balın keyfiyyətinə təsir göstərməyib: "Balın tərkibinə xəstəliyin çox da təsiri yoxdur, çünki bal gələn vaxt arıçılar öz arılarını müalicə etmir. Biz təbii preparatlardan istifadə edirik. Hətta təbii vasitələrlə müalicə etsək də, bal yığımı vaxtı müalicəni kəsirik".

 

Arıçı Elxan Hüseynov bildirir ki, Astara arı ailələrinin sayına və bal tədarükünə görə ölkədə ön yerlərdə gedir. Hər il bu rayondan paytaxtda təşkil olunan bal yarmarkasına 50-yə yaxın arıçı dəvət alır: "Biz istərdik ildə bir dəfə yox, iki dəfə yarmarka olsun. Onda biz məhsullarımızı daha rahat sata bilərik. Bizim arı ailələrimizin sayı çoxdur, məhsuldarlığımız da çoxdur. Biz ildə yarmarkada 500-600 kq bal sata bilirik, qalanları qalır, ucuz qiymətə satırıq bir yerdən. Bu bizə sərf eləmir".

 

Astara-Lənkəran Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirovun sözlərinə görə, arıçıları uzun illərdir narahat edən qablaşdırma problemidir. Məhsul qablaşdırılsa, satışını təşkil etmək onlar üçün asan olar: "Qablaşdırma tam hələ hazır deyil, istifadəyə verilməyib. Güman edirik yaxın vaxtlarda qablaşdırma sexi, tədarük bazası olacaq. Biz də ondan yararlanarıq. Çünki qablaşdırma sexi olanda laboratoriya da olur. İstehsal etdiyimiz məhsulu laboratoriyadan müayinədən çıxarandan sonra xalqa çatdıra bilərik. Həm xalqımız təmiz baldan yararlana bilər, həm də biz istehsal olunan məhsulu rahatlıqla sata bilərik".

 

Astarada il ərzində arı ailələrindən iki dəfə bal süzülür. Amma alıcılar əsasən may balına üstünlük verirlər. Səbəb isə onun əsasən dərman vasitəsi kimi istifadə olunmasıdır. Bir çox xəstəliklərin dərmanı olan bal 1 kq-ı 20-25 manat arasında satılır.

 

Qeyd edək ki, hazırda Astara rayonu üzrə 25 min arı ailəsində 300 ton məhsul gözlənilir, amma ötən il bu rəqəm 70-80 ton təşkil edirdi.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR