İcbari tibbi sığortanın tətbiqi həkimlərin maaşlarını artıracaq

"Azərbaycan prezidentinin fərmanı ilə Yevlax rayonu və Mingəçevir şəhəri üçün icbari tibbi sığortanın baza paketi təsdiqlənib, fevral ayından pilot layihə tətbiq olunub. Bunun əsasında ilin sonunda baza zərfinə müəyyən dəyişikliklər nəzərdə tutmuşuq".

 

APA TV-nin xəbərinə görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin direktoru Zaur Əliyev deyib.

 

O bildirib ki, icbari tibbi sığorta haqqı ilə əlaqədar qanunvericilikdə dəyişiklik edilməlidir: “Müzakirələr bitdikdən sonra sənəd Milli Məclisə göndəriləcək. O zaman biz icbari tibbi sığorta haqqını açıqlaya bilərik. Hələlik icbari tibbi sığorta haqları ilə bağlı rəqəmlərin açıqlanması əhali arasında çaşqınlıq yarada bilər. Pilot rayonlarda həyata keçirilən icbari tibbi sığorta ilə bağlı vəsait dövlət büdcəsindən ödənilir və bu il həmin pilot rayonlarda icbari sığorta haqqı tətbiq olunmayacaq. Həmin iki rayonun bütün əhalisi, orada rəsmi qeydiyyatda olanlar sığortalı sayılırlar. Dörd ay ərzində təkcə Mingəçevirdə 700-ə qədər cərrahi əməliyyat olub. Keçən il çarpayıların dolması 45 faiz idisə, indi 80 faizə qalxıb”.

 

Zaur Əliyev icbari tibbi sığortanın ölkə ərazisində mərhələli tətbiq olunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, Yevlax rayonu və Mingəçevir şəhərində pilot layihə olaraq icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar həkimlərin maaşının artırılması istiqamətində addımlar atılıb. Həkimlər üçün bonuslar da müəyyənləşdirilib: "Ölkədə mərhələ-mərhələ icbari tibbi sığortanın tətbiqini vacib sayırıq. Bununla bağlı sənəd Prezident Administrasiyasına göndərilib. İlin sonunda Milli Məclisdə qanunvericiliyə müvafiq dəyişiklik ediləcəyinə inanırıq".

 

Qeyd edək ki, bu gün "Caspian European Club"un təşkil etdiyi biznes-forum keçirilib.  

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR