Aziz Sancar: "Ümid edirəm ki, xərçəngi müalicə edəcəyəm"

“Bir dövlətin hərbi xərclərə ayırdığı vəsaitin elm və təhsilə ayırdığı vəsaitlərdən çox olması yaxşı hal deyil”.

 

APA TV-nin məlumatına görə, bu fikirləri ABŞ-ın Şimali Kalorina Universitetinin professoru, 2015-ci il kimya üzrə Nobel mükafatçısı Aziz Sancar paytaxtda keçirilən “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusundakı beynəlxalq elmi-praktiki konfransda deyib.

 
Nobel mükafatçısı milliyyətçiliyi vətənpərvərliklə qarışdırmağın doğru olmadığını bildirib: “Mən türkpərəstəm, öz ölkəmi sevirəm. Nəhəng Osmanlı imperiyası XVI əsrdən etibarən elmi tədqiqatlara ayrılan vəsaiti dayandırdı. Bax, bundan sonra sanki Osmanlı imperiyasının sonunun təməli qoyuldu. O boyda nəhəng imperiyadan kiçik bir ərazi qaldı”. 

 

Aziz Sancar indiyədək əldə etdiyi bütün uğurlara Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün yaratdığı mükəmməl şərait nəticəsində çatdığını dilə gətirib: "Biz müasir Türkiyə və onun qurucusu Atatürklə qürur duyuruq. Mustafa Kamal Atatürk təhsil sahəsində islahatçı olub. Mən Atatürkün sayəsində gözəl təhsil aldım. Qazandıqlarıma Atatürkün sayəsində nail olmuşam".

 

Dünya şöhrətli alim hazırda DNT bərpası mexanizmləri, habelə kanserogen maddələrin insan orqanizminə təsirlərinin araşdırılması üzərində işlədiyini önə çəkib: "Mən ümid edirəm ki, xərçəngi müalicə edəcəyəm. Lakin bu xəstəlikdən qorunmaq üçün ilk növbədə siqareti dayandırın. Çox çətindir, amma mən inanıram ki, biz bu xəstəliyin müalicə mexanizmlərini tapacağıq. Apardığımız tədqiqatlar göstərir ki, yoluxma hallarının 30 faizinin səbəbi məhz siqaretdir. Əgər siqaret çəkirsinizsə, o zaman biz sizə kömək edə bilməyəcəyik".

 

Böyük alimin dünyadakı elm adamlarına da tövsiyəsi var: "Azərbaycan və dünyadakı digər alimlərə tövsiyəm odur ki, insanlara milliyyətinə görə deyil, yalnız işinə görə qiymət verilsin. Azərbaycan mənim üçün türk dünyasının döyünən ürəyidir".

 

Təhsil naziri Mikayıl Cabbarov isə son zamanlar formalaşan "Bilik iqtisadiyyatı" modelinin inkişafında universitetlərin rolunu vacib sayıb: "Burada düşünürəm ki, ümumi bir kənar faktor var. Bu kənar faktorun kökündə yaşadığımız "Bilik iqtisadiyyatı" dövrü durur. Onlar bilik məbədi olduğuna görə "Bilik iqtisadiyyatı" dövründə universitetlərin ənənəvi rolu gözümüzün qarşısında dəyişir, daha da artır".

 

Digər natiqlər də bu cür nüfuzlu elmi konfransların ölkəmizdə keçirilməsinin vacibliyini qeyd ediblər. Konfrans panellərlə davam edib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR