Rusiya ilə əlaqədə günahlandırılan ABŞ baş prokuroru iddianı rədd etdi

Amerika Birləşmiş Ştatlarının baş prokuroru Ceff Seşns seçkilərdə Rusiya müdaxiləsi iddiası ilə bağlı aparılan istintaq çərçivəsində Senatda ifadə verib.

APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, Seşns Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə iki dəfə görüşdüyünü gizlətməyib, ancaq aralarında olan danışıqların qətiyyən seçkilərlə bir əlaqəsinin olmadığını vurğulayıb.

"İcazənizlə bu mövzuya aydınlıq gətirim. Birləşmiş Ştatlardakı hər hansı bir seçkiyə müdaxilə ilə əlaqədar heç bir Rusiya, və ya digər əcnəbi bir rəsmi şəxslə görüşüm olmayıb. Bundan başqa, Trampın təbliğat qrupu ilə əlaqəli kiminləsə bu mövzuda bir görüşümün olduğunu da xatırlamıram", - Seşns belə deyib.

Rusiyalı rəsmilərlə gizli razılığa gəlməsinə dair iddiaları rədd edən Seşns, FTB-nin direktoru Ceyms Kominin vəzifəsindən kənarlaşdırılması ilə əlaqədar isə "qurumun təzə bir başlanğıca ehtiyacı var idi" ifadələrini səsləndirib.

Qeyd edək ki, Donald Trampın təbliğat kampaniyasının üzvləri rusiyalı rəsmilərlə qeyri-qanuni danışıqlara girərək, prezident seçkilərinə müdaxiləyə şərait yaratmaqda günahlandırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR