Azərbaycanda ali məktəblərdə hazırlıq kursları yaradılır
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik məsələsi müzakirə olunub.
APA TV-nin məlumatına görə, qanuna nəzərdə tutulan dəyişiklik barədə məlumat verən parlamentin Elm və təhsil komitəsinin sədri müavini Bəxtiyar Əliyev bildirib ki, qanuna üç dəyişiklik nəzərdə tutulur.
Layihə ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının yaradılmasını nəzərdə tutur. Məqsəd ölkədə ali məktəblərə daxil ola bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır.
Layihəyə əsasən, hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.
Bəzi deputatlar layihənin anlaşılmaz olduğunu qeyd ediblər.
Müzakirələr zamanı çıxış edən deputat Fazil Mustafa dəyişikliyi təqdir edərək bildirib ki, ali məktəblərə qəbul qaydalarını asanlaşdırıb, universiteti bitirməyi çətinləşdirmək lazımdır: “Qoy bir ali məktəbə on minlərlə adam qəbul olunsun, ancaq 10-20 nəfəri diplom ala bilsin. Bununla da pul ölkədə qalır. Bəzən elə olur ki, Azərbaycanda ali məktəbə qəbul zamanı yüksək bal toplayan gənclər xaricdəki ali məktəblərdə təhsilə üstünlük verirlər. Amma onlar da xaricdə təhsili nəzərdə tutulan müddətdə başa vurmurlar. Ona görə bizdə də diplom almağı çətinləşdirmək lazımdır. Tələbə bilməlidir ki, oxumaq lazımdır”.
Deputat Vahid Əhmədovun hazırlıq kurslarını bitirən abituriyentlərin ali məktəbə test və ya testsiz qəbul edilməyəcəyi ilə bağlı qaldırdığı məsələ isə Milli Məclis sədri Oqtay Əsədov tərəfindən etirazla qarşılanıb.
Spiker bildirib ki, bəzən bütün məsələlərdə hansısa xoşagəlməz məqamlar axtarırlar: “İldə Azərbaycanda 70-80 min abituriyent imtahan verir və onun haradasa 40 mini tələbə adını qazanır, qalanları isə kənarda qalır. Məsələn, ötən il 40 min abituriyent tələbə adını ala bilməyib. Onların 20 mini xarici ölkəyə üz tutub. Hazırlıq kurslarının da təşkil olunması məhz xaricə axının qarşısını almağa xidmət edir. Burada digər məqam ondan ibarətdir ki, hazırlıq kursunu bitirən abituriyentin ali məktəbə imtahansız qəbulu nəzərdə tutulmur. Hazırlıq kursunu bitirənlər üçün də yekunda imtahan verməsi nəzərdə tutulur”.
Deputat Qüdrət Həsənquliyev də qanuna nəzərdə tutulan dəyişikliyi təqdir edərək bildirib ki, bununla da külli miqdarda valyuta ölkədə qalacaq: “Bu gün Azərbaycanda ali məktəbə qəbul olmayanlar xarici ölkələrə üz tutur. Hansı ki, həmin ölkələrdəki ali məktəblər də elə də reytinqli ali məktəblər deyil. Ora üz tutanların valideynləri də sonradan onlara maddi dəstək vermək üçün ciddi problemlərlə üzləşirlər. Ona görə də qanuna dəyişikliyi təqdir edirəm”.
Deputat sonda onu da bildirib ki, Azərbaycan region ölkələri arasında tələbə sayına görə sonuncu yerdədir və bu say artırılmalıdır.
Dəyişiklik layihəsi sonda səsə qoyularaq qəbul edilib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA