Azərbaycan prezidenti: “Ermənilərin məscidləri dağıtması müsəlman aləminə qarşı cinayətdir”
İyunun 13-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
APA TV-nin məlumatına görə, prezident İlham Əliyev görüşdə çıxış edib.
Mübarək Ramazan ayında səfirlərlə görüşlərinin ənənəvi xarakter daşıdığını deyən Prezident İlham Əliyev onun salamlarını və ən xoş arzularını təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına çatdırmağı xahiş edib.
Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri vardır. Biz ikitərəfli formatda fəal əməkdaşlıq edirik və beynəlxalq arenada da bir-birimizi daim dəstəkləyirik. Xüsusilə BMT-də və digər beynəlxalq təşkilatlarda təmsil etdiyiniz ölkələrlə əməkdaşlığımız çox uğurludur.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu deyən dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsəlman ölkələri tərəfindən göstərilən dəstək və həmrəyliyin çox önəmli olduğunu vurğulayıb, bu dəstəyə görə təşkilatın üzvlərinə minnətdarlığını bildirib: "Ermənistan Azərbaycanın torpaqlarının bir hissəsini uzun illərdir ki, işğal altında saxlayır, bütün beynəlxalq normaları kobudcasına pozur, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə biganə qalır, işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimizi məhv edib və bunu təsdiqləyən bir çox sənədlər, videomateriallar vardır. Erməni işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Biz bütün beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı həqiqətləri ortaya qoyuruq, dünya ictimaiyyətinə çatdırırıq. Əlbəttə, bunu müsəlman ölkələrinin ictimaiyyətinə də çatdırırıq ki, bu ölkələrdə yaşayan bizim qardaşlarımız ermənilər tərəfindən işğal edilmiş torpaqlarda hansı vəhşiliklərin törədildiyini görsünlər. Bu vəhşilik təkcə Azərbaycana qarşı deyil, bütün müsəlman aləminə qarşı törədilib. Bu yaxınlarda işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ucaldılmış məscid Şuşa məscidinin memarlığını təkrarlayır. Şuşa məscidləri, Ağdam məscidləri, işğal altında olan digər şəhərlərimizin məscidləri ermənilər tərəfindən dağıdılıb. Bu cinayət bütün müsəlman aləminə qarşı törədilmiş cinayətdir. Biz istəyirik ki, bütün dünya müsəlmanları bunu bilsinlər".
Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi işinə öz töhfəsini verdiyini deyən Prezident İlham Əliyev xatırladıb ki, bu il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib. O, əmin olduğunu bildirib ki, müsəlman ölkələri öz aralarında olan problemləri dinc yolla həll etməli və həmrəyliyi gücləndirməlidir: "Bu il eyni zamanda Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirildi. Təmsil etdiyiniz ölkələrin idmançıları Azərbaycanda bu Oyunlarda iştirak edirdilər. Bir çox qonaqlarımız olmuşdu. Əminəm ki, onlar öz ölkələrinə ən xoş təəssüratlarla qayıdıblar. İslam Həmrəyliyi Oyunları, sadəcə, idman yarışı deyil. Biz istəyirdik ki, bu Oyunlar İslam aləmini birləşdirsin. İdmançılar, qonaqlar Bakıda olarkən bir ailə kimi yaşayırdılar və əminəm ki, bu günlər ərzində İslam həmrəyliyi ən yüksək zirvəyə qalxmışdır. Biz də çalışmalıyıq ki, bu həmrəyliyi bu yüksək zirvədə saxlayaq. Əminəm ki, belə də olacaq".
Fələstinin Azərbaycandakı səfiri Nəsir Əbdül Kərim bütün müsəlman səfirlər adından energetika naziri Natiq Əliyevin vəfatı ilə əlaqədar Prezident İlham Əliyevə dərin hüznlə başsağlığı verib. O, eyni zamanda Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri və nümayəndələri adından dövlət başçısını mübarək Ramazan bayramı münasibətilə təbrik edib, Azərbaycan xalqına davamlı sülh, irəliləyiş və firavanlıq arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA