"Oğluma kömək edin!" - ANA FƏRYADI
60 yaşı var Raziyyə xalanın. İki övladı, 8 nəvəsi var. Əslən Cəlilabaddandır. Düz 15 ildir işləmək üçün Bakıya üz tutub. Küçə süpürür. Deyir ki, Bakıya pənah gətirməsinə əsas səbəb həm də oğlu Oqtayın ağır vərəm xəstəliyindən əziyyət çəkməsidir.
Düz 14 il əvvəl Raziyyə xanımın oğlu Oqtay Dəmirov hərbi xidmətdə olarkən ciyərlərinə su yığılır. Ağır xəbəri alan ana dərhal oğlunun arxasınca yollanır: "Balam hərbi xidmətdə olarkən xəstələndi. Özümün 60 yaşım var. İllərdir onun müalicəsini öz gücümə edirəm. Daha qocalmışam, 60 yaşım var, gücüm çatmır. Efir vasitəsilə gücü çatan insanlardan onun müalicəsinə yardım edilməsini istəyirəm".
Ailə başçısını uzun illərdir itirən Raziyyə xalanın 34 yaşlı oğlu hazırda Cəlilabad Vərəm Dispanserində müalicə olunur: "Xəstəliyi ilə bağlı uzun illərdir işləmir. 44 manat müavinət alır. Sağ-salamat komissiyadan keçib əsgərliyə gedib oğlum. Amma yararsız qayıtdı. Hazırda Cəlilabadın Muğanlı kəndində yaşayırıq. Yaşamaq üçün yararlı evimiz də yoxdur. İllər öncə yaşanan zəlzələdən sonra evim çox yararsız vəziyyətə düşüb. Həyətim yağış yağan kimi suyun altında qalır".
Raziyyə xala Bakıda qızıgildə qalır. Onun da səhhətində problem olmasından danışan həmsöhbətimiz deyir ki, burda nə qalmağa yeri, nə də oğlunun sağalması üçün döyməyə qapısı var: "Qızımın evində gecələyirəm. İşləyib maaşımı da balamın hazırda müalicə olunduğu vərəm dispanserinə göndərirəm. 14 ildir dava-dərmanla saxlayıram. Bu il müalicə etdirə bilməmişəm, vəziyyəti ağırlaşdı. Tək başıma 7 nəfər ailə üzvünə baxıram. 44 manatla necə ailəmi saxlayım? İmkanlı şəxslər yardım etsinlər, balam sağalsın".
Raziyyə xala problemlərinin həlli üçün Cəlilabad Rayon İcra Hakimiyyətində olub. Rayon yetkililəri onun həyat dramından xəbərdar olsalar da, biganəlik davam edir: "Getdim İcra Hakimiyyətinə, ordan məni yönləndirdilər Dürdanə xanımın şöbəsinə. Amma hələ də bir adam məni çağırıb necə yaşayıram deyə maraqlanmayıb. İki övladımı tək böyütdüm. Amma qoruya bilmədim. Qızımın da başında ağır xəstəlik var".
Ümid edirik ki, yaşlı ananın səsinə səs verən tapılacaq.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA