Əli bəy Hüseynzadə Azərbaycana qayıtdı - REPORTAJ

Azərbaycan ədəbi və ictimai-siyasi fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq və yazıçı-publisist Əli bəy Hüseynzadə 1926-cı ildə tərk etdiyi Azərbaycana geri döndü. Düz 91 il sonra onun sənət əsərləri, foto-sənədli arxivi və şəxsi əşyaları Azərbaycana hədiyyə edildi.

 

Rəssam Teymur Rzayevin sözlərinə görə, Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım atasının adına layiq hərəkət edib: "Cənab nazir Əbülfəs Qarayevin böyük qatqısı var, bunların başında ən başda gələn işlərdən biri də Feyzavər xanımdır. O, Əli bəy Hüseynzadə irsinə layiq hərəkət etdi. Atasının Azərbaycan sevgisini xalqımıza, atasının arxivini Azərbaycan xalqına çatdırdı".

 

İstanbul Universitetinin professoru İbrahim Yıldırım isə deyir ki, əslində Feyzavər xanım atasının arxivini Azərbaycana vermək istəmirdi: "Əli bəyin bütün əsərlərini gözdən keçirdim. Arxivi hara vermək məsələsində Azərbaycandan yanına yanlış insanlar getdiyi üçün Azərbaycana vermək istəmirdi. Mən yavaş-yavaş onu yola gətirdim və əsərləri Azərbaycana verməsi üçün razı saldım. Heç şübhə yoxdur ki, gələcəkdə türk dünyasının mərkəz ölkəsi Azərbaycan olacaq. Bu əsərlərin burda olması həm Azərbaycan, həm Türkiyə üçün çox sağlıqlı bir davranışdır".

 

Teymur Rzayev bildirib ki, Feyzavər xanımın Azərbaycana bu möhtəşəm hədiyyəsi qarşılıqsız qalmayıb: "İbrahim doktorla danışdıq. Əli bəyin çəkdiyi əsərlər illərdir divarda və illərdir Feyzavər xanım hər sabah qalxdığında bunları görür. İndi biz birdən-birə bunu alıb götürəndə divarlar boş qalmasın deyə fikir irəli sürdük ki, bunların eynisini kopyalayıb, çərçivələdib eyni yerində asdıq ki, Feyzavər xanım ruhən eyni duyğunu yaşasın".

 

İstanbuldan gətirilən 161 əsər arasında Əli bəy Hüseynzadənin övladları Səlim Turan və Feyzavər Alpsarın yaratdığı bir sıra sənət əsərləri, Əli bəy Hüseynzadənin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillər və şəxsi əşyaları var. 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti var. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa olunub.

 

Əli bəy Hüseynzadənin şəxsi əşyaları arasında ən çox sevdiyi və dəyər verdiyi əşyaları arasında bu portret xüsusi yer tutur. Bu rəsmi Əli bəy hətta təhlükə ilə üz-üzə olduğu anlarda belə yanından ayırmayıb. Bu əsərdə Əli bəy Hüseynzadənin yaxın qohumları Nisə xanım və Böyükxanım təsvir olunub. Əli bəy bu portreti özü ilə Türkiyə, Hindistan və Çinə qədər aparıb və təxminən 114 il sonra Azərbaycana qaytarılıb.

 

Azərbaycan muzeyinə ilk dəfə hədiyyə edilən Əli bəyin şəxsi əşyaları arasında onun istifadə etdiyi yemək dəsti də var. Əli bəy Hüseynzadənin şəxsi yemək dəstinin unikallığı ondan ibarətdir ki, bu dəstin üzərində Osmanlı imperatoru II Əbdülhəmidin tuğrası və Əli bəyin inisialları həkk olunub.

 

Bu rəsm əsərini isə Əli bəy Hüseynzadə 1919-cu ildə həbsxanada olarkən çəkib. Əli bəy ailəsi ilə görüş zamanı eşitdiyi xoş xəbərdən ruhlanaraq həbsxananın həyətini sanki bir cənnətin guşəsi kimi təsvir edib. Bu əsərdə Əli bəyin qızı Feyzavər xanım atasının boynuna sarılaraq qulağına tezliklə azad olunacağını deyir, Həzrəti Musa və çoban tablosunu isə o, oğlu Səlim Turanla birgə çəkib.

 

Əli bəy Hüseynzadə ictimai-siyasi fəaliyyəti ilə yanaşı, mədəniyyət sahəsinə də böyük önəm verirdi. Oğlu Mehmet Səlim Turan tərəfindən qorunub saxlanılan bu skripka şəxsən Əli bəyindir. Bu skripkada o, Azərbaycan bəstələri ilə yanaşı, dünya klassiklərinin də musiqilərini ifa edib.

 

Türkiyənin Ege Universitetinin professoru Yavuz Akpınarın fikrincə, Əli bəy Hüseynzadəyə həm Azərbaycan çox şey borcludur, həm də bütün türk dünyası: "Çünki bizə kim olduğumuzu xatırlatdı. "Sən türksən, sənin belə bir mədəniyyətin, dinin var" dedi. Bu baxımdan bir həkim olmasına baxmayaraq, Hüseynzadə tarixi, etnoqrafiyanı bilən, 10 yaxın dil bilən müdhiş bir ziyalıdır. Belə aydın intellektual Türkiyədə də asanlıqla tapılmaz. Türkiyəyə getdiyi zaman Ziya Gökalpa böyük təsiri oldu. Türkiyədə türkçülük düşüncəsinin ortaya çıxmasında Əli bəyin böyük rolu var".

 

İbrahim Yıldırım isə bu dahi şəxsiyyəti "Türkiyənin səssiz işığı" adlandırıb: "Əli bəy tək Azərbaycanın deyil, türk dünyasının böyük mütəfəkkiridir. Mən ona Türkiyənin səssiz işığı deyirəm. Gerçəkdən səssiz, amma böyük işlər görən. Türk Dil Qurumunun, Türk Tarix Qurumunun quruluşunda Əli bəyin ayrı bir əməyi var". 

 

Əli bəy Hüseynzadənin şəxsi əşyalarının Türkiyədən Azərbaycana gətirilməsi keçmişimizə sahib çıxmağımız baxımından böyük hadisədir. Bu hadisənin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə hazırlaşdığımız bir vaxtda baş verməsi isə həm simvolik, həm də çox sevindiricidir. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR