Bakıda vulkan püskürdü

Bakının Binəqədi rayonunda vulkan püskürüb. APA TV-nin xəbərinə görə, vulkanın uğultusu təxminən 40 dəqiqə davam edib.

 

Daha sonra palçıq axını dağdan aşağıya doğru hərəkət edib. Mənzərəyə uşaqlar sevinib, böyüklər isə narahat olublar.

 

ETSN-in əməkdaşı Ceyhun Paşayevin sözlərinə görə, saat 07:00 radələrində Keyrəki palçıq vulkanı püskürüb: "Palçıq vulkanı püskürən zaman 3 istiqamətdə - şimal, şimal-şərq və şərq istiqamətində vulkan dilləri ayrılmışdır. Ayrılan vulkan dillərinin toplam uzunluğu 800 metrdən çoxdur. Vulkan püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılıb. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metr təşkil edib".

 

Keyrəki palçıq vulkanı Bakı şəhərindən 12 km şimalda yerləşir. Vulkanın püskürməsi ümumən 15 dəqiqəyə yaxın olub. Püskürmə zamanı yaxınlıqda yerləşən yaşayış məntəqələrinə hər hansı ziyan dəyməyib. Sadəcə, bir neçə metr irəliləyib. Palçığın temperaturu 20-30 dərəcə civarında olub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Ceyhun Paşayevin sözlərinə görə, vulkanın yerləşdiyi tektonik çat zonasında bir neçə fəaliyyətdə olan palçıq vulkanı mövcuddur və onların da aktivləşmə ehtimalı artıb: "Əksər hallarda palçıq vulkanı partlamamışdan əvvəl 250-300 metrə yaxın alov sütunu ilə müşahidə olunur. Bu dəfə isə alov sütunu qeydə alınmamışdır".

 

Hazırda  ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.

 

Qeyd edək ki, bu, Keyrəki palçıq vulkanının 19-cu püskürməsidir. Sonuncu dəfə vulkanın püskürməsi 2014-cü ildə, ilk dəfə püskürməsi isə 1826-cı ildə qeydə alınıb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR