Sumqayıtda kütləvi zəhərlənmə: problem, yoxsa işbazların oyunu? - REPORTAJ

Son günlər hər kəsə göndərilən bu səs yazısı insanlar arasında böyük təlaş yaratdı. Əvvəlcə uşaqların kütləvi şəkildə içməli sudan zəhərləndiyi bildirildi. Daha sonra məlum oldu ki, həqiqətən də son 4 gün ərzində infeksiya ehtimalı ilə Sumqayıt şəhər Uşaq Xəstəxanasına 119 müraciət  daxil olub. Onların əksəriyyəti isə eyni ərazidən - Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən olub.

 

Məsələni araşdırmaq və xəstələrin vəziyyəti ilə yaxından tanış olmaq üçün xəstəxanaya baş çəkdik. Valideynlər yaranmış vəziyyətdən narahat olduqlarını, hadisənin əsl səbəbinin düzgün dəyərləndirilmədiyini deyirlər.

 

Xəstəxananın baş həkimi Müşfiq Məmmədli bildirib ki, xəstəxanaya son 4-5 gün ərzində ürək bulanma, hərarətin yüksəlməsi və ümumi narahatlıqla əlaqədar 119 müraciət daxil olub. Xəstələr arasında ağırlaşma müşahidə edilmir, ümumi vəziyyətləri orta ağırdır. 90  uşaq müayinə olunduqdan sonra evə buraxılıb. Hazırda isə 30-a yaxın uşağın müalicə aldığını deyən həkimin sözlərinə görə, müraciətlərin əksəriyyəti mövsümi xarakterlidir: "Əgər biz illik statistikaya nəzər salsaq, yay aylarında bağırsaq infeksiyaları və bağırsaq pozuntuları ilə əlaqədar müraciət edən xəstələrin sayında artım olur. Bu artımın da olması təbiidir. Artımın qarşısını almaq üçün gigiyenik tədbirlərə düzgün riayət olunmalıdır. Uşaqlara göstərilən qulluqda gigiyenik tədbirlər  normal şəkildə aparılmalıdır. Xəstəxanaya ümumi müraciətlərin sayının artması bununla bağlıdır. Zəhərlənmə ilə bağlı informasiyaların yayılması doğru deyil".

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xəstələrə baş çəkib, valideynlərlə görüşüb. Onlara narahatlığa heç bir əsas olmadığını, xəstəxanada lazımi tədbirlərin görüldüyünü, səbəbin araşdırıldığını deyib. Yaranmış bu vəziyyətin sudan baş vermədiyini deyən başçının sözlərinə görə, bu, sadəcə işbazların su satmaq məqsədilə düşünülmüş bir oyunudur: "Bunu kimsə bilərəkdən yayıb. Bu gün Sumqayıtın mağazalarında su yoxdur. Hamı alıb aparıb. Şayiə yayıblar, su satanların hamısı demək olar ki, öz məqsədlərinə çatıblar, sularını satıblar".

 

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, hadisənin baş verməsi barədə məlumat daxil olduqdan sonra dövlət müəssisəsinin ekspertləri hadisə yerinə cəlb olunub və araşdırmalara başlayıb: "Hadisənin baş verdiyi Zeynalabdin Tağıyev qəsəbəsi və ətraf ərazilərdən bir neçə nümunə götürülüb. İlkin araşdırmalar suyun tərkibində heç bir dəyişikliyin olmadığını, mayenin norma və standartlara cavab verdiyini üzə çıxarıb. Buna baxmayaraq, araşdırma və təhlillərimiz davam edir".

 

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə APA TV-yə deyib ki, bir ərazidən qısa müddət ərzində çoxlu sayda uşağın eyni əlamətlərlə xəstəxanaya müraciət etməsi və onların “ratovirus”la xəstələnməsi bu infeksiyanın su vasitəsilə yoluxması haqqında fikir söyləməyə imkan verir: "Xəstə uşaqlardan götürülmüş analizlərdə “ratovirus” müəyyən olunub. Bu da ona şübhə yaradır ki, bu ərazidə yaşayan uşaqlar arasında içməli sudan keçmə səbəb ola bilər. Eyni zamanda buna paralel həmin ərazidə olan meyvə-tərəvəz səbəb ola bilər. Orada həyətyanı sahədə primitiv qaydada əkilmiş tut ağacları var ki, yetişmiş tutlardan da uşaqlar istifadə edirlər. Birinci növbədə su, ikinci növbədə isə gigiyenik qaydaya riayət etmədən meyvə-tərəvəzin qəbul olunması". 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR