Natiq Əliyev II Fəxri Xiyabanda torpağa tapşırıldı

Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycanın energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, mərasimdə dövlət və hökumət rəsmiləri, qonaqlar çıxış edərək mərhumla bağlı xatirələrini bölüşüblər.

 

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Natiq Əliyevin Azərbaycanın neft-qaz sektoruna xidmətindən danışıb: “Natiq Əliyev onu tanıyan hər kəsin yaddaşında vətənə xidmət etmiş şərəfli insan kimi qalacaq. Mərhum beynəlxalq energetika siyasəti sahəsində Azərbaycanı layiqincə təmsil edib”.

 

SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, ömrünün çox hissəsində Natiq Əliyevlə çalışıb: "Natiq Əliyev "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üçün xarici şirkətlərlə müqavilənin imzalanmasına dair danışıqlar aparıb. Onun "Əsrin müqaviləsi"nin imzalanmasında xidməti var. Natiq Əliyev SOCAR-da çalışdığı zaman 33 beynəlxalq müqaviləyə imza atıb. Nazir olduğu vaxt Cənub Qaz Dəhlizi layihəsi üçün böyük işlər görüb. Biz böyük bir insanı itirmişik. Natiq Əliyev daim onu tanıyanların yaddaşında qalacaq. Allah rəhmət eləsin!"

 

Mərasimdə "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev, "Azərişıq" ASC-nin sədri Baba Rzayev, energetika nazirinin müavini Gülməmməd Cavadov da çıxış edərək, mərhumla bağlı xatirələrini bölüşüb, onun xidmətlərindən danışıblar.

 

Sonda mərhumun oğlu Fərhad Əliyev çıxış edərək, atasının həyata qaytarılması üçün göstərdiyi köməyə görə Azərbaycan prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.

 

Vida mərasiminin ardından N.Əliyevin cənazəsi II Fəxri xiyabana gətirilərək torpağa tapşırılıb.

 

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. N.Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR