Ədliyyə orqanlarında işləmək istəyənlər test imtahanı verdi
2006-cı ildən bu günə kimi Azərbaycanın ədliyyə orqanlarına keçirilən müsabiqələrdə 5000-dək namizəd iştirak edib. 1000-ə yaxın namizəd imtahan nəticəsində seçilərək ədliyyə orqanlarında fəaliyyət göstərir.
Bunu Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisi, müsabiqə komissiyasının sədr müavini Rauf Məhərrəmov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın əksər regionlarında ədliyyə orqanları üzrə vakant ştat vahidləri var. Əsas olan isə namizədlərin müsabiqələrdə yetərincə bilik nümayiş etdirməsidir: "Ədliyyə Nazirliyi rəhbərliyinin kadr siyasətinə uyğun olaraq yeni qulluğa qəbul edilən şəxslər bilavasitə yerli ədliyyə qurumlarına göndərilir. Bu, onların gələcəkdə peşəkar qulluqçu kimi formalaşması üçün lazımi və zəruri olan ilk təyinatdır. Onlar yerlərdə çalışır, lazımi təcrübə toplayaraq sonradan istənilən vəzifə üzrə inkişaf edirlər. İlk olaraq çalışırıq ki, icra xidmətinə təyinatlar aparaq, eyni zamanda qeydiyyat və digər qurumlara da namizədlər seçilir".
Rauf Məhərrəmov deyib ki, namizədlərin müsabiqələrdə iştirakı prosesi hər il sadələşdirilir. Ədliyyə orqanlarına bu gün keçirilən imtahanda 529 namizədin iştirak etdiyini qeyd edən komissiya sədrinin müavini vurğulayıb ki, onların hazırlaşmaları üçün əvvəlcədən nazirliyin Ədliyyə Akademiyasında xüsusi proqram üzrə kurslar təşkil olunub: "Bugünkü namizədlər ölkənin bütün regionlarını təmsil edir. Onların təxminən 1/3-i qızlar, yarısı ilk dəfə əmək fəaliyyətinə başlayan şəxslərdir. Bu gün müsabiqəyə təxminən 150 ştat vahidi çıxarılıb. Bu da əsasən nazirliyin yerli xidmətlərində, həmçinin icra, qeydiyyat və ədliyyə orqanlarında olan digər vəzifələrdir. İmtahanda təxminən 250 nəfər müsabiqələrdə təkrar iştirak edənlərdir. Onlar həm test imtahanı, həm də müsahibədə kifayət qədər bilik nümayiş etdirməyiblər".
Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirilib. İmtahanının nəticələri bu gün günorta saatlarında açıqlanacaq, nəticələr Dövlət İmtahan Mərkəzi və Ədliyyə Nazirliyinin saytında yerləşdiriləcək.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA