Komissiya Quba soyqırımı məzarlığına baxış keçirdi

“Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsində vəziyyətin araşdırılması üçün yaradılan komissiya üzvləri Quba rayonunda olublar.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, komissiya Quba “Soyqırımı memorial kompleksi”ni və ərazidəki məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinə baxış keçirib.

 

Komissiya üzvlərinə məzarlıqda gedən aşınma prosesi barədə ətraflı məlumat verilib. Daha sonra Quba soyqırımı memorial kompleksində olan nümayəndə heyətinə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım, tarixi faktlar və kompleks barədə ətraflı məlumat verilib. Komissiyanın sədri, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov kompleksin xatirə kitabına ürək sözlərini yazıb.

 

Daha sonra Əli Həsənovun rəhbərliyi ilə Quba Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.

 

Qeyd edək ki, Quba şəhərindəki “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin son vaxtlar təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün Komissiya yaradılıb. Komissiya araşdırmanın nəticələri və görüləcək işlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinin Administrasiyasına təqdim etməlidir.

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR