Sabiq FTB rəhbəri ifadə verdi: "Məni buna görə kənarlaşdırdılar"

ABŞ Federal Təhqiqatlar Bürosunun sabiq rəhbəri Ceyms Komi vəzifədən kənarlaşdırılmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, onun FTB direktoru vəzifəsindən azad olunmasına səbəb ölkədə keçirilmiş prezident seçkilərinə Rusiya müdaxiləsinin araşdırılması olub.

APA TV-nin “CNBC" telekanalına istinadən verdiyi xəbərə görə, Ceyms Komi Senatda verdiyi ifadədə Rusiyanın keçən il ABŞ-dakı prezident seçkilərinə müdaxilə etdiyini deyərək, FTB-nin də bundan xəbərdar olduğunu bildirib.

Senatın kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələr zamanı senatorlardan biri Ceyms Komidən vəzifədən getməsinə səbəbin Rusiya müdaxiləsinin istintaqının olub-olmadığını soruşduqda o da “bəli, mən belə hesab edirəm, çünki prezident bu cür deyib”, - deyə cavablandırıb.

Komi Rusiyanın seçkilərdə müdaxiləsinin çox ciddi şəkildə olduğunu da əlavə edib.

"Bu, respublikaçı ya da demokratlarla əlaqədar xüsusi bir məsələ deyil, bu, bütün amerikalıları maraqlandıran bir məsələdir. Rusiya hər şeyi istifadə edərək müdaxilə etməyə çalışıb və əlinə fürsət düşsə bunu yenə edəcək", - Komi belə deyib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR