Qəbələdə güllə atıcılığı üzrə Dünya Kuboku yarışları başladı

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələdə Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının rəsmi açılış mərasimi olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Qəbələ Heydər Əliyev Konqres Mərkəzində keçirilən mərasimdə “Qəbələ” Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov çıxış edib.

 

Beynəlxalq İdman Atıcılıq Federasiyasının və 45 ölkənin atıcılıq federasiyaları nümayəndələrinin iştirak etdiyi tədbirdə məlumat verilib ki, Dünya Kuboku uğrunda yarışların 4 mərhələsi bu il ərzində Almaniya, Hindistan, Kipr və Meksikada keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən Dünya Kuboku uğrunda yarışların növbəti mərhələsində iştirak etmək hüququ qazanıblar. Bu yarışların final mərhələsi bu ilin oktyabrında Hindistanda keçiriləcək.

 

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən yarışlarda ilk olaraq qadın və kişi idmançılar tüfəngdən 10 metr məsafədə yerləşən hədəfə atəş açmaq yarışında iştirak ediblər. Kişilərin yarışında Serbiya atıcısı Milutin Stefanoviç qızıl, Çin idmançısı Yunconq Yao gümüş, Macarıstan təmsilçisi İstvan Peni bürünc medal qazanıb. Qadınlar arasında yarışın qalibləri də bu gün axşama kimi məlum olacaq.

 

Qeyd edək ki, iyunun 14-dək davam edəcək bu mötəbər yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparacaqlar. İdmançılar tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirəcəklər. Qəbələyə ən çox atıcı Çindən gəlib. Otuz idmançı ilə yarışlara qatılan Çinlə yanaşı, Asiyanın digər ölkələri-Yaponiya, Hindistan, Cənubi Koreya və Tailand komandasının da hər biri Dünya Kuboku yarışlarına 20-dən çox snayperlə qatılıb. Azərbaycanı bu mötəbər yarışda 10 idmançı təmsil edir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR