Əbülfəs Qarayev: "Beş-üç manata istirahət mümkün deyil"

“Xaricdən Azərbaycana gələn turistlərin sayı bu il artacaq”. APA TV-nin məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

 

Turizm mövsümü iyun ayının 15-dən sentyabrın 15-ə kimi nəzərdə  tutulub. Nazir bildirib ki, Azərbaycanda istirahət edən insanların sayında artım müşahidə olunur və ölkəyə Birləşmiş Ərəb Əmirliklərindən daha çox turistin gəlməsi gözlənilir: “Formula-1” yarışları zamanı ölkəmizdə böyük mehmanxana şəbəkələrinin 95 faizi dolur. Artıq sifarişlər verilib. Bundan əlavə, Körfəz ölkələrindən gələn turistlər yalnız paytaxtda yox, regionlarda da dincələ bilərlər”. 

 

Əbülfəs Qarayev ölkədə 2-3 ulduzlu hotellərin tikintisi ilə də bağlı açıqlama verib: “Son iki il müddətində 80-100 3 ulduzlu hotel tikilib. Hazırda Bakıda böyük şəbəkələrin məkanları yaradılmaqdadır. Yeni inşa olunmuş və açılmış məkanlar orta səviyyəli turizmə 3 və ondan aşağı ulduz dərəcəsinə müvafiq xidmətləri təqdim edəcəklər”.

 

Nazir həmçinin turizm sahəsində mövcud qiymətlər barədə  səslənən fikirlərə münasibət bildirib: “Siz istəyirsiniz ki, tam pulsuz xidmətlər olsun? Dünən bütün rayonlar üzrə təhlil aparmışam. Elə məkanlar var ki, 10-30 manata adamları yerləşdirirlər. Yaxud elə istirahət yerləri var ki, beş-altı nəfərdən ibarət ailəni 100 manata yerləşdirir. Deməli, adambaşına təxminən 15 AZN düşür. Hesab edirəm ki, bu gün Azərbaycanda mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır. Mən düşünmürəm ki, bu gün kimsə beş-üç manata istirahət edə bilər. Bu mümkün deyil”.

 

Qeyd edək ki, bu gün nazir Əbülfəs Qarayev Bakı şəhərində fəaliyyət göstərən gəlmə turizm sahəsində ixtisaslaşmış yerli və xarici turoperatorlar və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşündə iştirak edib.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR