Qətər münaqişəsi nefti sürətlə ucuzlaşdırır

Qətərlə diplomatik münaqişə və ABŞ-ın neft ehtiyatlarının həcminə dair son hesabat neftin qiymətinə mənfi təsirini davam etdirir.

 

APA TV-nin məlumatına görə, Qətərin hədəf götürülməsi birja iştirakçıları tərəfindən OPEK daxilində parçalanma kimi dəyərləndirilir. Bu isə “OPEK+” formatında razılaşmanın taleyini sual altda qoyur.

 

Amerika Neft İnstitutu isə ötən həftə ölkənin neft ehtiyatlarının 4,6 milyon barel azaldığını açıqlayıb. Bunun müqabilində ABŞ-ın benzin ehtiyatları 4,1 milyon barel artıb. Bu proqnoz xarakterli hesabat birjalarda nefti sürətlə ucuzlaşdırmağa başlayıb. Dünən birjaların səhər seanslarında “Brent” markalı neftin 1 bareli 50,08 dollara satılırdısa, bu səhər qiymətlər 48,17 dollar səviyyəsinə düşüb. Qərbi Texas neftinin qiyməti də son 24 saat ərzində 48,16 dollardan 45,80 dollara enib.

 

ABŞ-ın kommersiya neft ehtiyatlarının həcminə dair rəsmi hesabat bu gün açıqlanacaq. Bu gün birjalarda neftin qiymətinə təsir göstərəcək digər amil isə Qətərlə yaşanan diplomatik münaqişənin inkişafı olacaq. Qətər gündə 600 min barel neft hasil edir, eyni zamanda dünyanın ən böyük maye qaz ixracatçılarından biri sayılır. Bu ölkə ilə ərəb dünyasının münaqişəsi neftin qiymətinə ciddi təsir göstərə bilər. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR