Zakir Qaralov: "Korrupsioner şəxslərlə bağlı "Qırmızı bildiriş" göndəriləcək"

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşünün yekunlarına dair iclas keçirilib.

 

APA TV-nin xəbərinə görə, iclasa sədrlik edən baş prokuror Zakir Qaralov Pakistanın İƏT-in Antikorrupsiya Mərkəzinə qoşulduğunu bildirib. Bununla bağlı müvafiq sənəd imzalanıb.

 

Baş prokuror bildirib ki, III görüş faydalı olub: "Regionda və dünyada nüfuz qazanmış İƏT çərçivəsində səylərimizin birləşdirilməsi ölkələrimizin davamlı inkişafı naminə labüd tələblərdən birinə çevrilib. İƏT çərçivəsində iqtisadi əlaqələrlə bərabər korrupsiyaya qarşı birgə mübarizə də önəmlidir. Əminəm ki, bu tədbir korrupsiya ilə mübarizəni yeni mərhələyə qaldıracaq".

 

İclasda İƏT-ə üzv dövlətlər arasında Korrupsiyaya qarşı Əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edilib. Bəyannaməyə əsasən  İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə korrupsiya ilə əlaqədar cinayətlər törətmiş şəxslərlə bağlı üzv ölkələrə "Qırmızı bildiriş" göndəriləcək. Baş prokuror Zakir Qaralov bildirib ki, "Qırmızı bildiriş" beynəlxalq qaydalara əsasən hazırlanacaq: "Hər hansı dövlət kimisə beynəlxalq axtarışa verirsə, bunun üçün müvafiq sənəd lazımdır".

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR