Zakir Qaralov ordudakı casus şəbəkəsindən danışdı

"Orduda baş verən hadisələrlə bağlı başlanmış cinayət işi ətrafında Azərbaycan Ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyimizə xələl gətirən məlumatlar, məqalələr dərc etməkdədir". APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov bildirib.

 

Onun sözlərinə görə, artıq 6 media orqanına Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib: "Artıq 6 KİV-ə Baş prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib. Bütün KİV-i bu məlumatları işıqlandırmaqdan çəkinməyə çağırıram. Azərbaycan müharibə şəraitindədir, heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan Ordusuna, onun hərbi qüdrətinə, qeyrətli övladlarımıza ləkə vursun. İstənilən hallar mövcud ola bilər, ancaq dövlətin qurumları bunun qarşısını alıb. Dövlətimizin hərbi qüdrəti üçün bu gün hər hansı təhlükə yoxdur".

 

Baş prokuror uzun illər özünü müxalifət adlandıran, qanunvericiliyə uyğun qeydiyyatdan keçməyən siyasi partiya və QHT-lərin qanunvericiliyin tələblərini, xüsusən maliyyə şəffaflığı sahəsində tələbləri pozduğunu bildirib. Onun sözlərinə görə, partiyalar Mərkəzi Seçki Komissiyasına, QHT-lər isə Maliyyə Nazirliyinə beynəlxalq təşkilatlardan aldıqları qrantlar barədə məlumatlar verməlidir: "Onlar uzun illərdir bu barədə müvafiq məlumatlar təqdim etmirdi. Biz məcbur olduq bir sıra ciddi tədbirlər görək ki, onları qanuna dəvət edək. Bu sahədə qanun təkmilləşəndən sonra onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda bu vəsaiti ala bilmirlər. Həmin QHT və partiyalar digər ölkələrdə şəxsi hesablar açmaqla, ölkəyə qanunsuz maliyyə gətirmək istəyir".

 

Baş Prokuror bildirib ki, bu halların qarşısı tam ciddiliklə alınıb: "Bu insanlar on illərlə heç bir işlə məşğul olmadıqları, hər hansı qurumlarda işləmədikləri halda cangüdənləri necə saxlayır, xarici avtomobillər alırlar? Nə üçün onlar maliyyə hesabatı vermirlər? Məsələn, Yeni Azərbaycan Partiyası müvafiq hesabat verir. Qeyri-qanuni fəaliyyət göstərən qurumlar isə qanunun aliliyindən danışır, ancaq bu cür qanunsuz qrant korrupsiyasına qoşulurlar. Həmin qeyri-qanuni mənbələr bizim tərəfimizdən müəyyən ediləcək. Artıq vaxt çatıb ki, bu qurumların maliyyə mənbələri tam ciddi şəkildə geniş miqyasda yoxlanılsın".

 

Qeyd edək ki, bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq,  ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanların III görüşü başlayıb. Tədbirdə baş prokuror Zakir Qaralov və Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri Fuad Ələsgərov çıxış edib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR