Bakıda bir ev külə döndü: ailənin heç nəyi qalmadı
Xəzər rayonunun Binə qəsəbəsində Seyfullayevlər ailəsinə məxsus ev bir göz qırpımında alışaraq yanıb.
Hadisə şahidləri olan qonşular APA TV-nin çəkiliş qrupuna deyiblər ki, evlərdən su gətirib töksələr də, yanğının miqyası daha geniş olduğundan kənara çəkiliblər. Xoşbəxtlikdən Gülnaz Seyfullayevanın qızları dərsdə, anası isə işdə olub.
FHN-in Yanğından Mühafizə Hissəsinə yanğın barədə məlumat daxil olan kimi qurumun canlı qüvvəsi və texnikası dərhal hadisə yerinə yollanıb. Evlər bir-birinə yaxın olduğundan, qonşu evin damı da alışaraq yanıb. Hər iki yanğın qısa zaman ərzində söndürülüb.
Gülnaz Seyfullayevanın sözlərinə görə, evdən heç nə çıxara bilməyiblər. Zərərçəkənin anası Gülnar Seyfullayeva özlərindən daha çox 2 məktəbli nəvələrinin bundan sonra harada qalacağından narahat olduğunu deyirdi. Mənzərə doğrudan da acınacaqlı idi. Uşaqlar "Nənə, mənim planşetimi də çıxara bilmədin? Hayıf..." deyib köks ötürürdülər. Yanan isə təkcə planşet deyildi - onların əyinlərində olan məktəbli paltarlarından başqa heç nələri qalmamışdı.
Ərazidə rəsmi şəxslərdən heç kim gözə dəymirdi. Qonşular dedilər ki, hadisə baş verəndən sonra icra nümayəndəliyindən özünü təqdim etməyən bir şəxs gəlib və bu evdə kimlərin yaşadığını öyrəndikdən sonra çıxıb gedib. Zərərçəkən Gülnaz Seyfullayeva da rayon rəhbərliyindən kimsənin onunla maraqlanmadığını söylədi. Çəkiliş qrupumuzla zərərçəkənlərlə bərabər Xəzər Rayon İcra Hakimiyyətinə yollandı. Çəkilişin aparılmasına qəti etirazını bildirən icra hakimiyyəti başçısının 1-ci müavini Vaqif Həsənov hadisədən qismən xəbərdar olduğunu deyərək, ailəni qəbul etdi. Daha sonra kamerasız bizi də içəri dəvət edərək, evin yalnız bələdiyyə sənədləri əsasında tikildiyini, buna baxmayaraq, bu evdə yalnız zərif cinsin nümayəndələri yaşadığından, İcra Hakimiyyətinin bir həftə ərzində onlara bütün lazım olan yardımı göstərəcəyini bildirdi. Vaqif Həsənov növbəti həftə, təmir bərpa prosesindən sonra bir daha görüşməyi təklif etdi.
Mövzunu diqqətdə saxlayacağıq.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR