Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə münasibətləri müzakirə olundu
"Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, biz düşünürük ki, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var".
APA TV-nin məlumatına görə, bunu Bakıda keçirilən “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli münasibətləri: gələcəyə baxış” adlı beynəlxalq konfransda Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov deyib.
O bildirib ki, bunun ən mühüm sübutlarından biri kimi Donald Trampın Azərbaycan prezidentinə son iki həftədə iki məktubunu göstərmək olar.
Novruz Məmmədov qeyd edib ki, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatı artıq öz bəhrəsini verir. Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars layihələri bu əməkdaşlığa misaldır: “Əməkdaşlığın çox böyük perspektivləri var və bunu davam etdirmək lazımdır. Bu əməkdaşlıq regionda təhlükəsizlik, sabitlik və davamlı inkişafa öz töhfəsini verir və digər ölkələrə qarşı deyil”.
Daha sonra çıxış edən Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov qeyd edib ki, Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlığı böyük təcrübəyə malikdir: “Tarix göstərir ki, bu əməkdaşlıq müstəqilliyimizi möhkəmləndirdi. Bizim bölgədə stabillik və təhlükəsizliyin təminatı çox vacibdir. Təhlükəsizliyimizin təmin olunması digər dövlətlərə qarşı yönəlməyib. Lakin xaricdə bəzi dairələr bu formatın kiməsə qarşı yönəldiyini iddia edirlər. Onlar bu məsələdə öz məqsədlərini güdürlər. Biz bu formatı qorumalıyıq”.
Gürcüstanın Avropa İttifaqı Tədqiqatları Mərkəzinin direktoru Kaxa Qeqolaşvili və Türkiyə XİN yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Mesut Özcanın çıxışlarından sonra tədbir panel müzakirələri ilə davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi