Azərbaycanda azyaşlı övladlarına siqaret verən valideynlər cərimələnəcək

Azərbaycanda yetkinlik yaşına çatmayan övladlarına siqaret verən valideynlər cərimələnəcək.

 

APA TV-nin məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputatlar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

 

Məcəlləyə əsasən, nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya 14 yaşından 16 yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda, 60 manatdan 100 manatadək məbləğdə cərimə edilirdisə, bundan sonra 100 manatdan 250 manatadək cərimələnəcək.

 

Bildirilib ki, layihəyə yeni 522-ci - yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsi maddəsi əlavə edilir. Yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsinə görə 60 manatdan 100 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə, valideynləri və ya digər qanuni nümayəndələr 100 manatdan 250 manatadək cərimə edilir.

 

Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir.

 

Layihə səsə qoyularaq qəbul olunub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR