Bu yay harada dincələcəksiniz? - BÖLGƏLƏR, TÜRKİYƏ, YOXSA AVROPA?
- Elə öz bölgələrimizdə. Qubada, Qəbələdə...
- Öz rayonumuz elə hamı üçün istirahət məkanıdır. Öz rayonumda, Qaxda istirahət edəcəyəm.
- Gəncədə, Göy Göldə, Hacıkənddə... Öz səfalı yerlərimiz çoxdur.
- Azərbaycanımızın gözəl guşələrində dincələcəyəm. Gəncədə, Qəbələdə, İsmayıllıda, Qubada...
- Azərbaycanın hansı bölgəsi olur-olsun... İsmayıllı, Quba... Ən çox sevdiyim yer isə Nabrandır, hər il ora gedirik.
- İstəsəm, imkanım olsa, Antalyada dincələrəm...
Yay mövsümü yaxınlaşır, artıq hər kəs harada istirahət edəcəyini planlaşdırır. Bu il paytaxt sakinlərinin əksəriyyəti istirahət üçün deyəsən xarici ölkələrə deyil, Azərbaycanın bölgələrinə üz tutacaqlar. Elə bunu nəzərə alaraq yerli turizm şirkətləri həm ölkə daxilində, həm də ölkə xaricində yeni və çeşidli tur-paketlər və turizm marşrutları təklif edir. Turizm üzrə ekspert Ruslan Quliyev deyir ki, ötən illərlə müqayisədə xaricə gedən vətəndaşların sayında 25 faizə qədər azalma müşahidə olunub. Yay aylarında ölkəyə gələn turistlərin sayının çoxluğu səbəbindən artıq bölgələrdə də sıxlıq yaşanır:
"Hazırda Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran, Astara və Lerik istiqaməti öz aktuallığını qoruyur. Həm bayram günlərində, həm də həftə sonlarında şahidik ki, Azərbaycan vətəndaşlarının ölkədaxili yerdəyişmələri çoxdur. Statistika da göstərir ki, ölkə əhalisinin 36 faizi yerli turizmlə bağlı yerdəyişmə edib. Xərcləmələr isə təxminən 2 milyard manata yaxındır".
İstirahət etmək üçün regionlara üz tutan ölkə vətəndaşları, eləcə də turistlər üçün bonus təklif olunur və həvəsləndirici aksiyalar keçirilir. Ekspert deyir ki, bölgələrdə insanların istirahəti üçün yaradılan bəzi xidmətlər xarici ölkələrlə müqayisədə Azərbaycanda daha cəlbedicidir. 1 nəfərin istirahətinin qiymətinə gəlincə isə:
"1 nəfərin istirahəti üçün tələb olunan rəqəm 30 manatdan başlayır. Söhbət dörd ulduzlu mehmanxanada, səhər yeməyi bazasında iki nəfərlik otaqda 1 nəfərin gecələməsi üçün müəyyənləşən qiymətdən gedir. Bu cür qiymətlər Quba-Xaçmaz regionunda, Lənkəranda müşahidə olunur. Bir nəfər üçün həftəlik qiymət 210-250 manat arası dəyişir".
Xarici ölkələrə gəldikdə isə ekspertlər deyir ki, azərbaycanlı turistlərin ən çox üz tutduğu Türkiyəyə bu il tələb azalıb. Qiymətlərə gəlincə... Antalya, Bodrum və Marmarisdə qiymətlər bir nəfər üçün yeddi gecə qalmaq şərti ilə üç ulduzlu oteldə 725 dollar, dörd ulduzlu oteldə 840 dollar, beş ulduzlu oteldə 950 dollardır. İstanbulda 7 gecə qalmaq üç ulduzlu oteldə 544 dollar, dörd ulduzlu oteldə 607 dollar, beş ulduzlu oteldə isə 714 dollardır.
Yeri gəlmişkən ötən illərlə müqayisədə bu il Avropa ölkələrinə turist qismində getmək istəyənləri sayı artıb. Ekspert Elxan Vəliyev belə deyir: "Artıq Avropa ölkələrinə, ərəb ölkələrinə, hətta Asiya ölkələrinə üz tutan turistlərin sayı artıb. Bilirsiniz ki, son 5-6 ildə əksəriyyət istirahət üçün Türkiyəyə gedirdi. Amma indi fərqlilik olsun deyə Avropaya üz tuturlar. Əsasən də Macarıstan, İtaliya və İspaniyaya gedən azərbaycanlı turistlər çoxdur".
Avropa ölkələrinə təklif olunan həftəlik turpaketlərin qiyməti Macarıstan və Yunanıstan üçün 1000 dollardan, Fransa, İspaniya, İtaliya üçün isə 1100 dollardan başlayır. Ərəb ölkələrinə yay aylarında səyahət etmək o qədər də aktual hesab edilmir. Ona görə də turizm agentlikləri bu ölkələrə səyahəti iyun ayının ortalarına qədər həyata keçirilər. Müalicə məqsədi ilə isə Kislovodsk, Yesentuki və Truskavetskə üz tutanlar 7 gün gecələmək şərti ilə 565 və 834 manat ödəməlidir.
Qeyd edək ki, ötən il Azərbaycan vətəndaşlarının 36,5 faizi daxili turizm səfərlərindən istifadə edib. Ümumilikdə ölkə üzrə 19,48 milyon turizm məqsədli səfərlər olub. Bu səfərlərin 72,5 faizi şəhər əhalisinin, qalan hissəsi isə kənd əhalisinin payına düşür.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi