Tələbələr Gilan Seramik və Gilan Tekstil Parkında olub
Bakı Mühəndislik Universitetinin tələbələri Gilan Seramik və Gilan Tekstil Parkının istehsal sahələri ilə yaxından tanış olublar.
APA TV-nin xəbərinə görə, istehsalat prosesi ilə tanışlıqdan əvvəl tələbələrə və müəllim heyətinə zavodun tarixi haqqında geniş məlumat verilib.
Müəssisənin İnsan resursları şöbəsinin müdiri Azər Ağazadə bildirib ki, seramik piltələrin istehsalı üçün inşa edilən "Gilan Seramik" zavodu 2013-cü ildə fəaliyyətə başlayıb. Burada müxtəlif ölçülərdə, beynəlxalq standartlara cavab verən İtaliyanın müasir innovativ avadanlıqlarında kafel və metlax istehsal edilir. Şöbə müdiri bildirib ki, müəssisədə 3 növbəli iş rejimi tətbiq edilməklə 500 nəfər işçi çalışır. Bu sahə üzrə yerli işçilərin yeni ixtisasa yiyələnməsi, yetişdirilməsi və təkmilləşdirilməsi üçün xarici mütəxəssisləri ölkəmizə dəvət edirik. Təbii ki, müəssisə olaraq tələbələrin istehsalat prosesi ilə tanışlığı, müəssisədə istehsalat təcrübəsi keçməsi, təcrübə müddətində fəallığı ilə seçilən, savadlı və enerjili gənclərin işlə təmin olunması müəssisənin insan resursları siyasətinin tərkib hissəsidir: "Yerli, savadlı kadrlarla tanış olmaq, işlə təmin etmək müəssisə olaraq bizim öz marağımızdadır. Mütəmadi olaraq tələbələr gəlir, istehsal sahəsi ilə tanış olurlar. Bu gün də Bakı Mühəndislik Universitetinin tələbələri istehsal sahəsi ilə yaxından tanış oldular. Burada işləmək istəyən hər hansı bir savadlı tələbənin praktikasına köməklik etməyə hazırıq".
Həmçinin Azər Ağazadə deyib ki, müəssisənin bugünkü istehsalı Azərbaycan bazarının 40-45 faizini təşkil edir. Müəssisənin inkişaf konsepsiyasına uyğun olaraq seramik piltələrlə yanaşı, keramik məhsul istehsal edən bir neçə zavoddan ibarət texnoparkın tikintisi nəzərdə tutulur.
Zavodla tanış olan tələbələr və müəllim heyəti məmnun qaldıqlarını, praktiki cəhətdən yeni təcrübələr öyrəndiklərini qeyd ediblər.
Sənayenin təşkili və idarə olunması ixtisası üzrə təhsil alan Ağasəlim İsmayılzadə bu səfərdən böyük təcrübə qazandıqlarını bildirib: "Bizə uyğun burada çox iş var. Təkcə sənaye mühəndisliyinə uyğun deyil, bir çox mühəndislər üçün iş var. Mexanik mühəndislərinə, İT mühəndislərinə müxtəlif işlər var. Əminik ki, Azərbaycanın gələcəkdə təmsil edən böyük şirkətlərdən biri olacaq. Ən çox təcrübə qazandırdı bizə".
AMU-nin Müəssisələrlə əlaqələr və karyera departamentinin nümayəndəsi Gülcöhrə İbrahimovanın fikrincə, Mühəndislik Universiteti istehsalatla qarşılıqlı əlaqədə olmalıdır: "Ona görə çalışırıq ki, Azərbaycanda fəaliyyət göstərən istehsal müəssisələri ilə tanış olaq. Burada iştirak edən tələbələrin çoxu sonuncu kurs tələbələridir. Onlar artıq karyeralarını seçməyə hədəfləyirlər. Artıq görsünlər ki, gələcəkdə karyeralarını quranda zavodda hansı vakansiyalar var, nələrə müraciət edə bilərlər. Həm də ümumi dünya görüşləri artdı".
Tələbələrin növbəti səfəri isə Sumqayıtda yerləşən Gilan Tekstil Parkı olub. 2012-ci ildən fəaliyyətə başlayan Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Burada da onlara müəssisə haqqında geniş məlumat verilib.
Daha sonra tələbələr Tekstil Parkının istehsalat sahələrini gəzib və burada müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, hotellər üçün dəsmalların istehsalı, tikilişi ilə yaxından tanış olublar.
Gilan Tekstil Parkında yaradılan şərait, istehsalat prosesi tələbələrin böyük marağına səbəb olub.
Sənaye mühəndisliyi ixtisası üzrə tələbə Vüsalə Cavadova istehsalat prosesi ilə yaxından tanış olub: "Əsasən burada müasir texnologiyalardan, öz yerli məhsullarımızdan, yerli parça istehsalından, yerli sap istehsalı və yerli dəsmal istehsalını gördüm. Köynəklərin tikilişini izlədim. Müasir texnologiyalarla tanış oldum".
Sahib Mütəllibov da səfərdən çox məmnun qalıb: "Sırf pambıqdan hazır bir məhsul alınana qədər tətbiq olunan texnologiyalarla tanış olduq. Ümumilikdə gələcək iş həyatımız üçün də bu prosesləri öyrənmək çox vacibdir".
Həmçinin müəssisənin əməkdaşları bildiriblər ki, Gilan Tekstil Parkında istehsalatda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir və bütün məhsullar Avropa standartlarına tam cavab verir.
Tədbirin sonunda tələbələr və müəllim heyəti müəssisənin kollektivi və təşkilatçılarla xatirə fotosu çəkdirib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi