Təhsil Nazirliyi 20 nömrəli məktəb-liseylə bağlı məsələyə aydınlıq gətirdi

Sosial şəbəkələrdə yayılmış məlumata əsasən, 20 nömrəli tam orta məktəb-liseyin yeni inşa olunmuş binasına şagirdlərin heç də hamısı köçürülməyəcək.

 

Bu valideynlərin etirazı da məhz bununla bağlıdır. Məsələ ilə bağlı bu gün 20 nömrəli tam orta məktəb-liseyin müvəqqəti məskunlaşdığı məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi valideynlərlə görüş keçirib. Görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva və ümumi təhsil şöbəsinin müdiri Lamiyə Şərəfxanova iştirak edərək, valideynlərin narazılığına aydınlıq gətirib.

 

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Mustafayeva görüşdən sonra  APA TV-yə açıqlamasında bildirib ki, yayılan şayiələr əsasızdır: "Məhəbbət Vəliyeva valideynlər qarşısında çıxışında bildirib ki, heç bir deyilən söhbət, şayiələr düzgün deyil. Yeni tədris ilindən 20 nömrəli məktəb-lisey istifadəyə veriləcək və şagirdlərin hamısı yeni məktəb binasında təhsilini davam etdirəcək. Bu gün məktəbdə 2544 şagird, 97 sinif və 246 müəllim fəaliyyət göstərir. Bu kontingentlə birlikdə məktəb yeni təmir olunmuş 20 nömrəli məktəb-liseyə köçürüləcək".

 

Sevinc Mustafayeva qeyd edib ki, yeni məktəb binasında 20 nömrəli məktəb-liseylə yanaşı, Avropa Liseyi də yerləşdiriləcək: "Yeni tikilən bina 4000 nəfərlik şagird üçün nəzərdə tutulub. Bu gün bizim 2500-dən çox, Avropa Liseyinin isə 800-900 şagirdi var. Yəni hər iki məktəb tam kontingentlə yeni məktəbdə tədrisini davam etdirə bilər. Bütün şagirdlər qiymətindən, dərs göstəricilərindən asılı olmayaraq, eyni sayda hamısı yeni məktəbə köçürüləcək".

 

Təhsil Nazirliyi də 20 nömrəli tam orta məktəb-liseylə bağlı yayılan xəbərlərə münasibət bildirib. Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Facebook” sosial şəbəkəsində yazdığı statusda bildirib ki, nəinki Bakının, eləcə də Azərbaycanın ən böyük məktəblərindən biri olan 20 nömrəli 4000 şagird yerlik tam orta məktəbin tikintisi başa çatmaq üzrədir: "Cənab Prezidentin tapşırığına əsasən bu məktəb əvvəlkindən daha böyük və daha geniş inşa edilib və paytaxtımızın ən yaraşıqlı binalarından biri olacaq. Yeni tədris ilindən bu məktəbdə müəllim və şagirdlər dərsə başlayacaqlar. Bütün bunlarla yanaşı, bir çox sosial şəbəkə istifadəçiləri və media qurumları yanlış məlumatlar yayırlar ki, guya 20 nömrəli məktəbin şagird və müəllimləri növbəti tədris ilindən yeni tikilən məktəbin binasında dərsə başlamayacaqlar. Bu məlumat tamamilə yanlışdır. Həmin məktəbin müəllim və şagirdləri yeni tədris ilindən 20 nömrəli tam orta məktəbdə  fəaliyyətlərini davam etdirəcəklər. Bunu həm şagirdlər, həm valideynlər, həm də elə biz səbirsizliklə gözləyirik! ”

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR