"BP Azərbaycan"ın vitse-prezidenti: "Neftin ilk tankerə yüklənməsi kulminasiya anı idi"

"Neft strategiyası başlanan zaman ümummilli lider Heydər Əliyevin dəvəti ilə dünyanın 6 nüfuzlu neft şirkəti ölkəmizdə işləməyə qərar verdi".

 

APA TV-nin məlumatına görə, bu fikirləri SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə 24-cü "Beynəlxalq Xəzər Neft və Qaz" konfransının ikinci günündəki məruzəsi zamanı bildirib.

 

Onun sözlərinə görə, 1994-cü ilin martından başlanan neft danışıqları həmin ilin sentyabrında sonradan "Əsrin müqaviləsi" adını almış kontraktın imzalanması ilə nəticələnib. Məhz bu sənəddən sonra xarici neft korporasiyaları ilə ölkəmizdəki yataqların işlənməsinə dair 53 müqavilə bağlanıb.

 

"BP Azərbaycan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə şirkətin ölkəmizdəki fəaliyyəti ilə bağlı danışarkən onlar üçün əhəmiyyətli sayılan bir faktorun üzərində dayanıb: "Bu, 2006-cı ilin iyun ayında Ceyhan limanından Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilmiş "Azəri-Çıraq-Günəşli" nefti ilə ilk tankerin yüklənməsidir. Mənim və əminəm ki, bütün tərəfdaş şirkətlərin kollektivi üçün bu məqam uzun və zəhmətli yolun kulminasiya nöqtəsi idi".

 

Tədbirdə həmçinin 2016-cı ilin mayın 24-də SOCAR və BP arasında "Abşeron" yatağının şimal sahəsində, habelə ötən ilin dekabrında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə SOCAR arasında "Günəşli" yatağında kəşfiyyat işlərinin aparılmasını nəzərdə tutan sənədlərin imzalandığı qeyd olunub.

 

TANAP layihəsi barədə danışan SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov isə bildirib ki, layihə üzrə qaz ötürülməsi həcminin irəli perspektivdə 31 milyarda çatdırılacağı gözlənilir.

 

Konfrans işini müzakirələrlə davam etdirib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR