Gürcüstandan ilk konteyner qatarı Azərbaycana çatdı

Gürcüstandan yola düşən ilk konteyner qatarı Azərbaycana çatıb.

 

APA TV-nin xəbərinə görə, iki ölkə arasında dəmir yoluna əlavə yük axınının cəlb edilməsi prosesi davam edir.

 

Qatar 26 konteynerdən ibarətdir. Aparılan çevik tarif siyasəti nəticəsində ilkin hesablamalara görə, Azərbaycanla Gürcüstan arasında il ərzində 40 minə yaxın konteynerin daşınması mümkün olacaq. Bu da əlavə 1 mln. ton yükün daşınması deməkdir.

 

ADY-nin Yükdaşımalar departamentinin rəisi Əşrəf Məmmədəliyevin sözlərinə görə, ilk qatarın Poti limanından Keşlə stansiyasına çatdırılma vaxtı 1 sutkaya başa gəlib: "Bu, başqa qatarların çatdırılma vaxtından iki dəfə sürətlidir. Eləcə də 50%-ə qədər güzəştli tariflər tətbiq olunub və bu tariflər iyunun 1-dən yükdaşımalara tətbiq edilir. Bir konteynerin Poti və Batumi  limanlarından Bakı şəhərinə çatdırılma qiyməti 20 futluq konteynerlər üçün 800 dollar civarında, 40 futluq konteynerlər üçün 1000 dollar civarındadır".  

 

Konteyner qatarları tələbata uyğun olaraq həftədə bir neçə dəfə olmaqla fəaliyyət göstərəcək. Yükgöndərənlərin sifarişi əsasında, Gürcüstan limanlarından yüklənən konteyner qatarları Bakı, Astara, Ələt, Xırdalan, Sumqayıt və digər regionlara da göndərilə bilər.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR