Lənkəranda yaşayış binalarından qaz qəza açarları oğurlandı - KURYOZ

Lənkəranda fərdi və ictimai yaşayış binalarında quraşdırılan qaz qəza açarları naməlum şəxslər tərəfindən oğurlanıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, qeyri-adi oğurluq hadisəsi nəticəsində yaşayış binası üçün əsl təhlükə yaranıb.

 

Ötən gün Lənkəranda təmirlə əlaqədar olaraq mavi qazın verilişində yaranan fasilədən istifadə edən naməlum şəxs və ya şəxslər 12, 17 və 19-cu saylı 5 mərtəbəli yaşayış binaların giriş hissəsindəki qaz kranlarını açaraq əhali üçün real təhlükə yaradıb. Şəhərə qaz verildikdən sonra naməlum şəxslər tərəfindən qəzalı vəziyyətə salınan xətlərdə 32 mm-lik borudan təzyiqlə qaz ətrafa və binanın daxilinə sızmağa başlayıb. Xoşbəxtlikdən hər hansı bədbəxt hadisə baş verməyib. Sakinlər dərhal qaz-qəza xidmətinə məlumat veriblər. Bəziləri isə kustar üsullarla da olsa, qaz sızmasının qarşısını alıblar.

 

Lənkəran Qaz İstismar İdarəsinin təmir-bərpa xidmətinin rəisi Azad Babayev qaz açarlarının açılaraq oğurlanmasına demək olar ki, bütün binalarda rast gəlindiyini deyib: "Gecə saatlarında 104 xidmətinə daxil olan məlumatlara əsasən qaz kranlarının oğurlanması faktı qeyd olunur. Onunla bağlı biz mütəmadi reyd keçiririk və müvafiq qaydada onların qarşısını alırıq. Lakin buna baxmayaraq, bu hal getdikcə geniş vüsət alır, bununla bağlı müvafiq orqanlara məlumat vermişik".

 

Ümumilikdə isə son iki ayda 15 binada belə halın baş verdiyi, bəzi yerlərdə bir ünvanda bir neçə belə açarın açılması faktı rəsmiləşdirilib. Sakinlər isə belə halların bundan sonra da baş verə biləcəyindən ehtiyatlanır. Bunun üçün də binaların daxilindəki qaz açarlarının ləğv edilməsini və yaxud binadan kənara çıxarılmasını məqsədəuyğun hesab edirlər. 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR