Xaricdəki təhsil olimpiadalarından medallarla qayıdan şagirdlər - GƏLƏCƏYİN ALİMLƏRİ
Olimpiadadan medallarla qayıdanlarımız var. Amma budəfəki medallarımız idman sahəsindən deyil, təhsil sahəsindəndir. Vaqif Məmmədzadə akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinif şagirdidir.
İlin əvvəlində Antalyada keçirilən bilik olimpiadasında biologiya üzrə keçirilən fənn olimpiadasının birincisi olub. Eyni fənn üzrə respublika olimpiadasında üçüncü olmuş Vaqif Hindistanda keçirilən "Amity University" olimpiadasında qızıl medala layiq görülüb. Ailəsi onun həkim olmağını istəyir, Vaqif isə artıq öz qərarını verib. Deyir ki, mikrobiologiya üzrə mütəxəssis kimi yetişmək istəyir: "Tibb sahəsi mənə çox sadə gəlir. Gələcəkdə özümü elm adamı kimi görürəm. Çünki daim araşdırmaq, elmlə məşğul olmaq uşaqlıq arzumdur. Fərdi müəllim yanında heç bir hazırlığa getmirəm. Təhsil aldığım Akademik Zərifə Əliyeva adına liseydə tədrisin səviyyəsi kifayət qədər yaxşı olduğundan əlavə hazırlıqlara ehtiyac duymuram".
Vaqif liseydə keçirilən "Dünyanı tanıyaq" adlı layihələr sərgisinin iştirakçısıdır. Həmsöhbətim deyir ki, layihə çərçivəsində Türkiyə Cümhuriyyətinin tarixini, coğrafiyasını, milli mədəniyyətini öyrənib. Bu layihəyə cəlb olunan iştirakçılar müxtəlif ölkələrin aparıcı təhsil ocaqlarının 9-cu sinif şagirdləri arasından püşkatma yolu ilə seçilib. Onlar il boyu seçdikləri sahələr üzrə təqdimatlar ediblər: "Bu, çox əhəmiyyətli layihədir. Çünki ölkələri tədqiq edir, həm özümüz öyrənir, həm də digər şagird yoldaşlarımızı tanış edirik. Məsələn birinci ay Türkiyənin tarixini, ikinci ay coğrafiyasını, üçüncü ay dahi şəxsiyyətlərin həyatını öyrənirik. Sonuncu mərhələ may aynına təsadüf etdi və gördüyünüz kimi yekun olaraq öyrəndiklərimizi təhsil ictimaiyyətinə və ölkəmizdəki diplomatik korpuslarının nümayəndələrinə təqdim etdik".
Akademik Zərifə Əliyeva adına liseyin digər bir şagirdi Nəzrin Zamanova da "Dünyanı tanıyaq və tanıdaq" layihəsinin yekun festivalında Fransa haqqında biliklərini paylaşıb: "Layihə çərçivəsində Fransanı tədqiq etmişik. Bu 9 ay ərzində Fransa tarixi, görkəmli şəxsiyyətləri, ölkənin coğrafiyası ilə bağlı araşdırma apardıq. Napoleon Bonapart, Şarl de Qoll, Əhmədiyyə Cəbrayılov və digər tarixi şəxsiyyətlər haqqında təhqiqat aparmışıq. Çox maraqlı, örnək olacaq tarixi şəxsiyyətlər olublar. Bundan başqa Fransa milli geyimlərini də diqqətdən kənarda qoymamışıq".
ABŞ, İngiltərə, Fransa, Rusiya, Yaponiya, Türkiyə, Almaniya və Misirlə bağlı millətlərarası dialoq naminə keçirilən yekun tədbirin digər bir iştirakçısı Gülər Alışovadır: "Misir çox böyük mədəniyyətə sahib olan ölkələr sırasındadır. İnanın ki, tədqiq etdikcə özümüz də çox şey öyrəndik. Misirin tarixini araşdırmışıq, müxtəlif maketlər hazırlamışıq, hətta Misir milli mətbəxinin şirniyyatlarını özümüz hazırlamışıq ki, festivalımıza qatılan hər bir kəs bu ölkənin mətbəxini daha yaxından tanısın" .
Zərifə Əliyeva adına liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Mehriban Vəliyeva " Dünyanı tanıyaq” layihəsinin əhəmiyyətindən danışıb: "Bu gün bizim üçün böyük bir hesabat günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin "Bu gün multikulturalizim Azərbaycanda dövlət siyasəti və eyni zamanda həyat tərzidir" fikrini biz də əsas seçmişik. Orta məktəblərdə multikultural dəyərlərin formalaşmasını nəzərə alaraq sentyabr ayından "Dünyanı tanıyaq" layihəsinə start verdik. Bu gün həmin layihənin yekun sərgisidir. Eyni zamanda biz elmi layihələrimizi də sərgiləmək qərarına gəldik. Elmi layihələr də multikultural dəyərlərin bir elementidir. Çünki elmin milliyəti olmaz".
Hazırda liseydə 593 şagirdin elmin sirlərinə yiyələndiyinə diqqət çəkən Mehriban Vəliyeva deyir ki, rəhbərlik etdiyi təhsil ocağı yalnız yuxarı sinifləri əhatə edir. Liseydə dərslər təmayüllər üzrə aparılır. Bu il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış 10 abituriyent arasında liseyin iki məzunu da var. 51 şagird 600, 50 şagird isə 500-dən yuxarı bal toplayıb. Məktəbdə elmi layihələr üzrə kiçik akademiya da fəaliyyət göstərir: "Sabahın alimləri" V Respublika müsabiqəsində liseyin şagirdləri böyük uğurlara imza atmışlar. Onlar müxtəlif kateqoriyalar üzrə 19 layihə ilə təmsil olunmuşdurlar. 9 layihə müsabiqədə yüksək yer qazanıb, bir layihə isə xüsusi mükafata layiq görülüb. Qaliblərimizdən biri həmçinin "Romanya İnfomatiks" olimpiadasında iştirak edərək bürünc medal qazanıb. Digər bir şagirdimiz ABŞ-da keçirilən olimpiadanın bürünc medalçısıdır".
Mehriban Vəliyeva deyib ki, həyata keçirilən layihələr şagirdlərin tədqiqat aparmaq qabiliyyətinə çox gözəl təsir edir".
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi