Veteran poçtalyon Həcər xala: "Heydər Əliyev zəng vurub dedi ki..."

"O vaxt yaxşı məktublar aparırdım, mənə dəmir manatlıqlar var e, ondan verirdilər hər məktub aparanda".

 

Həcər İsababayeva ömrünün 64 ilini poçtalyon işləyib. 15 yaşından "Azərpoçt"un 2 saylı filialının 9 saylı poçt şöbəsində çalışıb. Deyir, gözləri zəifləməsəydi, həyatının qalan günlərini də poçtalyon olmağa həsr edərdi. İşini sevən, təcrübəli və enerjili poçtalyonu el arasında sevə-sevə "Həcər xala" deyə çağırırlar.

 

"Gündə 300-400 qəzet aparırdıq. "Azərbaycan", "Kommunist", "Komsomolskaya Pravda", "Molodej", "Sport"... İndi heç 3-4 dənə qəzet yoxdur. "Podpiska" da, yazdıran da yoxdur. Əsgərlikdən gəlirdi məktub, indi yoxdur. İndi DYP-nin, məhkəmələrin məktublarıdır. Gündə 200-300 DYP cəriməsi".

 

Bu yaşda məktubları daşıyarkən qətiyyən yorulmadığını deyən Həcər xala məktub, qəzet aparmağa öyrəşdiyini deyir. İlk maaşı 39 rubl olub. Təqaüdə çıxmazdan əvvəl məktub apararkən Həcər xala yolda yıxılaraq zədə alıb. İndi boş vaxtlarında poçta gedir və həmkarlarından tövsiyələrini əsirgəmir: "Səhər 9-da gəlirdim, bir də axşam gedirdim. Hər şeyi yoluna qoyurdum, hər şey mənim əlimdən keçirdi. Hərdən gedirəm poçta, uşaqlar qucaqlayıb öpürlər, "Həcər xala, gəl sən burda otur, sən bunları yaxşı bilirsən tanıyırsan". Məktub apararkən yıxıldım, daşa necə dəydimsə, 1 ildir sağalmır".

 

"Məktubu apararkən zərfi heç vaxt oxumamışam" deyir Həcər xala. Bu illər ərzində Həcər xalanın məktub apardığı vaxt maraqlı macəraları da olub: "Məni yaxşı qarşılayırdılar. Saçlarım burdan, məndən hamının xoşu gəlirdi.  Bir dənə oğlan vurulmuşdu mənə. Sən demə, bu, mənim dalımca düşürmüş, mənim də xəbərim olmayıb. Düz üç il mənə məktub yazıb. Gündə 3-4 dənə məktub yazırdı, mən məktub paylayanda dalımca düşüb məni izləyirmiş".

 

Həcər xalanın ailə üzvləri də onun davamçıları olub. 1993-cü ildə Qarabağ müharibəsində şəhid olan oğlu Namus Şahbalayev də poçtalyon işləyib: "Cavan oğlum ölüb Qarabağda. Füzuli rayonunda yaralandı. Ölən oğlum da işləyirdi - iki qardaşım, bacım, balaca qızım işləyirdi".

 

Həcər xalaya poçtalyon kimi nailiyyətlərinə görə, Sosialist Əməyi Qəhrəmanı adı verilib. Bununla əlaqədar o, ümummilli lider Heydər Əliyevin qəbulunda da olub: "Ulduzum var, 2 dənə "Lenin" ordenim var. Rəhmətlik Heydər Əliyev özü sancdı yaxama ulduzu. Mən orden alanda Heydər Əliyev zəng vurub ki, o qadını mənim yanıma göndərin. Qayıtdı dedi mənə Həcər xanım, oturun, o orderi ver baxım. Deyir neçə dənə evdir, dedim heç bilmirəm necə otaqdır. Açdı baxdı, deyir 7 nəfərə 3 otaq? Yarım saata order dəyişdirildi".

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Həcər xalanın portreti vaxtilə çalışdığı "Azərpoçt"un 2 saylı filialının 9 saylı poçt şöbəsində asılıb. Yeri gəlmişkən, 1 iyun həm də Azərbaycanda poçt işçilərinin peşə bayramı günüdür. Çünki Azərbaycan ərazisində ilk poçt rabitəsi 199 il əvvəl - 1818-ci il iyun ayının 1-də yaradılıb. Bayramınız mübarək, Həcər xala!

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR