Bakıda AŞPA Alt Komitəsinin iclası keçirilib

"Uşaq hüquqlarının qorunması çox ciddi məsələdir. Azərbaycan qanunlarında bu məsələlər tənzimlənir".

 

APA TV-nin məlumatına görə, bu fikirləri parlamentin vitse-spikeri Bahar Muradova Milli Məclisdə (MM) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin Uşaqlar üzrə alt komitəsinin iclasında deyib.

 

O bildirib ki, AŞPA mötəbər qurum kimi uşaqların hüquqlarının qorunmasını diqqətdə saxlayır: "Azərbaycanda da bu məsələyə xüsusi önəm verilir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir".

 

AŞPA-nın Alt Komitəsinin sədri Baronessa Dorin Massey internetin uşaqlara mənfi təsirindən danışaraq qeyd edib ki, valideynlər anlamalıdır ki, internet uşaqlara mənfi təsir edə, onların istismarına gətirib çıxara bilər.

 

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda uşaq hüquqlarının təmin edilməsinə böyük önəm verilir.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycan əhalisinin 30 faizini uşaqlar təşkil etdiyini bildirib. O vurğulayıb ki, Azərbaycanda uşaq problemləri daim diqqət mərkəzindədir və ölkədə uşaqlara qayğı ildən-ilə artır. Ermənistanın Azərbaycana qarşı təcavüzünün uşaq hüquqlarının pozulmasına yol açdığı haqqında danışan Aqiyə Naxçıvanlı qeyd edib ki, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün düşən insanların 300 mindən çoxu uşaqlardır.

 

Alt komitənin iclasında mövzu üzrə müzakirələr davam edib. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR