Dillər Universitetində tələbələrin dediyi oldu

Bu gün Azərbaycan Dillər Universitetinin Elmi Şurasının iclası keçirilib.

 

Biliyin qiymətləndirilməsi monitorinq mərkəzinin direktoru Fatma Qurbanzadə APA TV-yə bildirib ki, Elmi Şuranın iclasında dövlət imtahanı ilə bağlı yekun qərar qəbul olunub. İclasda 2 təklif müzakirə edilib: "Birinci hesabat xarakterli buraxılış işi, ikincisi isə öz ixtisasları üzrə hər ixtisasdan iki fənn olmaqla verilmiş dövlət imtahanı şəklində qərar veriləcək. Hesabat xarakterli iş 5 səhifədən ibarətdir, bu da onların ixtisasına uyğun seçilmiş hər hansı bir mövzu ola bilər. Bunun üçün də xüsusi komissiya tərtib olunacaq, tələbələr o komissiyaya yaxınlaşaraq hesabatı təhvil verə bilərlər. Biz bunu rəsmi açıqlamada universitet tələbələrinə izah etdik. Bundan sonra da hər hansı bir sualları olsa, bizim mərkəzə, yaxud rəhbərliyə müraciət edə bilərlər".  

 

Bununla yanaşı, yekun attestasiyanın uğurla aparılması üçün yay imtahan sessiyasının müddətinin uzadılması məqsədəuyğun hesab edilib.

 

Verilən qərarla bağlı tələbələrin də fikrini öyrəndik:

 

- Bizə iki seçim təqdim etdilər. Ya iki fəndən dövlət imtahanı vermək, ikinci seçim isə biz 5 səhifəlik diplom müdafiəsi etməliyik. Bu seçimlər bizi qane etdi.

 

- Universitetin qərarı ilə razılaşdıq. Bizim əvvəldən istədiyimiz, məqsədimiz o idi ki, bizə verilən o 720 mövzunu bir ay içində əzbərləmək çətin olduğuna görə biz bunun ləğvini istəyirdik. İstədiyimiz kimi də dövlət imtahanı ləğv olundu. Əvəzində qarşımızda iki seçim verildi. İnşallah ki, başqa dəyişikliklər olmaz, bizi sürprizlər gözləmədiyinə ümid edirik.

 

Qeyd edək ki, dövlət imtahanı ilə bağlı dəyişikliklərin edilməsi ali məktəbdə tələbələrin narazılığına səbəb olub. Ötən gün keçirilən etirazdan sonra təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərliyi ilə tələbələrlə görüş keçirilib. Görüşdə tələbələrin təklifləri dinlənildikdən sonra Elmi Şuranın iclasında yekun qərarın veriləcəyi bildirilmişdi.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR