Prezident: ABŞ hökuməti "Cənub Qaz Dəhlizi” layihəsini həmişə güclü şəkildə dəstəkləyib"
Azərbaycan prezidenti ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanı qəbul edib.
APA TV-nin məlumatına görə, prezident İlham Əliyev Robin Danniqana XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransında iştirak etdiyinə görə minnətdarlığını bildirib, ABŞ prezidenti Donald Trampa sərgiyə ünvanladığı məktubda xoş sözlərə görə təşəkkürünü çatdırmağı xahiş edib.
Dövlət başçısı qeyd edib ki, ABŞ hökumətinin Azərbaycanın həyata keçirdiyi qlobal layihələri dəstəkləməkdə davam etməsi böyük əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlığımızın yaxşı tarixə malik olduğunu bildirən prezident vurğulayıb ki, Bakı-Tiflis-Ceyhan layihəsini və ondan sonra icra olunan layihələri, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsini ABŞ hökuməti həmişə güclü şəkildə dəstəkləyib. Bugünkü sərgiyə ABŞ prezidentinin ünvanladığı məktubda ifadə olunan fikirlər bir daha göstərir ki, Birləşmiş Ştatların yeni administrasiyası da bu layihəyə sadiqdir: “Biz bunu yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu məktubda səslənən fikirlər Azərbaycana verilən dəstəyin və dostluq münasibətlərimizin daha bir göstəricisidir”.
Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi kimi tarixi layihənin, eləcə də Azərbaycanda bütün enerji layihələrinin həyata keçirildiyi bir dövrdə bu, çox önəmlidir: “Azərbaycan neft və qaz sənayesinin inkişafında yeni səhifə açır, bütün lazımi infrastruktur, boru kəmərləri, peşəkar heyətlər hazırdır. Beləliklə, qarşımızda heç bir maneə yoxdur və çox yaxşı haldır ki, biz ABŞ-ın yeni administrasiyası ilə həm enerji sahəsində, həm də prezident Trampın məktubda dediyi kimi, bir çox digər sahələrdə də yaxşı əməkdaşlığı davam etdiririk”.
Xoş sözlərə görə minnətdarlığını bildirən Danniqan qeyd edib ki, ünvanlanan məktub ABŞ prezidenti ilə yeni administrasiyanın dəstəyinin davam etdirilməsinin göstəricisidir: "Həm bu məktubda, həm də dövlət katibi Reks Tillersonun Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısına ünvanladığı məktubda səslənən fikirlər, eləcə də mənim bu sərgidə iştirakım bizim təkcə enerji sahəsində deyil, digər sahələrdə də əməkdaşlığımızın davam etdirilməsinə, Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində birgə işimizə sadiqliyimizin çox aydın göstəricisidir”.
Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi