"Gənc xilasedici və yanğınsöndürən" yarışlarının zona birinciliyi başa çatdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında VI "Gənc xilasedici və yanğınsöndürən" yarışlarının Bakı şəhəri üzrə zona birinciliyi keçirilib.

 

APA TV-nin xəbərinə görə, bununla da mayın 10-dan başlamış zona birinciliklərinə yekun vurulub.

 

Mərasimdə çıxış edən FHN Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini, general-mayor Məhərrəm Həsənov bildirib ki, Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı ilbəil artmaqdadır.

 

M.Həsənov qeyd edib ki, yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilərin şəxsi və ictimai təhlükəsizliyə məsuliyyət hissinin artırılmasından ibarətdir.

 

Mərasimdə çıxış edən Bakı şəhəri Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Yusifov, FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini, polkovnik Məhbubə Mustafayeva yarış iştirakçılarına uğurlar arzulayıblar.

 

Zona birinciliyinə Bakı və Sumqayıt üzrə 17 məktəbdən 119 şagird qatılıb.

 

Yarışlar "Yanğın estafeti", "Maneələr zolağı", "Gənc ekspertlər" üzrə 3 mərhələdə keçirilib. Gərgin mübarizə şəraitində keçən yarışlarda komandaların çıxışı münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən olunub.

 

 

Qalib komandalar kubok və diplomlarla mükafatlandırılıb. I və II yerləri tutan komandalar Bakı şəhərini VI "Gənc xilasedici və yanğınsöndürən" yarışları üzrə Respublika birinciliyində təmsil etmək hüququ qazanıblar. Yarışların Respublika birinciliyi 25 iyun - 2 iyul tarixlərində Qəbələdə keçiriləcək.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR