Masallıda bir gündə 1200 turist istirahət edə biləcək

Masallıda turizm mövsümünə start verilib. APA TV-nin cənub bürosunun məlumatına görə, bu məqsədlə istirahət mərkəzlərinin birində turizm sərgisi təşkil edilib.

 

Sərgidə Masallı Rayon İcra Hakimiyyətinin başçısı  Rafil Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin planlaşdırma  və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, idarə-müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Qonaqlar öncə turizm obyektlərinin təşkil etdiyi sərgiyə baxış keçirərək təqdim edilən təamlardan dadıblar və istirahət mərkəzlərinin xidmətlərini nəzərdən keçiriblər. Eyni zamanda sərgidə rayonun el sənətkarlarının əl işləri, müxtəlif eksponatlar təqdim olunub.

 

Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov turizm mövsümünün açılışı münasibətilə rayon sakinlərini təbrik edib. Turizm obyektlərindəki çatışmazlıqlardan danışan R.Hüseynov deyib ki, sahibkarlar gələn qonaqlara yüksək xidmət göstərməklə onları rayona cəlb etməlidirlər.

 

Qeyd edək ki, hazırda Masallı rayonunda 28 turizm obyekti fəaliyyət göstərir. Bu turizm obyektlərində bir gün ərzində 1200 turistin istirahəti üçün hər bir şərait yaradılıb.

 

Turizm mövsümünün açılış mərasimi və sərgi yerli incəsənət xadimlərinin ifaları ilə davam edib.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR