Bakıda 48 manata iftar süfrəsi - REPORTAJ
Ramazan ayının ilk həftəsini yaşayırıq. Son illər oruc tutanlar iftarı təkcə evdə deyil, yaxınları ilə birlikdə kafe və restoranlarda da açmağa üstünlük verirlər. Restoranlardan bir neçəsi müqəddəs ayın gəlməsi münasibətilə öz menyülərindən əlavə “İftar menyüsü” də təqdim edirlər.
Hər il Ramazan ayı üçün xüsusi hazırlaşan restoranlara baş çəkib müşahidələr apardıq. Paytaxt sakinlərinin daha çox üz tutduğu "Fəvvarələr bağı"ndakı restoran və kafelərin iftar süfrələrinin qiymətləri ilə maraqlandıq. Qiymətlər 8-17 manat arasında dəyişir: "Bizdə iftar süfrəsi 14 manat 50 qəpikdən başlayır. Bu menyüyə sulu xörəklər, kabablar daxildir. Ramazan ayı yeni başladığından hələ ki müştəri axını müşahidə olunmur".
Baş çəkdiyimiz digər bir kafedə iftar süfrəsi 8 manatdır. İnzibatçı deyir ki, Ramazan ayının sonunadək nə qiymət, nə də menyüdə dəyişiklik olmayacaq: "8 manatdır bir adam üçün iftar süfrəsi. İsgəndər dönəri, sərinləşdirici içkilər, xurma, çay və şorba daxildir menyümüzə. Düşünürəm ki, qiymət hər kəsin cibinə uyğundur. Süfrəmiz isə boldur".
Bəzi restoranlarda iftar üçün xüsusi aksiyalar da var: "Restoranımızda iftar süfrəsi 15 manatdır. Kabablar, isti qəlyanaltılar və sərinləşdirici içkilər və çay süfrəsi. Özəlliyimiz isə budur ki, şəhid ailələri, əlillər və imtiyazlı insanlara ay boyu iftar süfrələrimiz pulsuzdur. Bu insanlar üçün süfrələrimiz daim açıqdır. Düşünürəm ki, oruclu insanlar rahatlıqla iftar aça bilərlər".
Şəhər sakinlərinin mütəmadi olaraq üz tutduqları digər bir restoranda isə iftar süfrəsinin qiyməti 10 manatdır: "Yüksək keyfiyyətli xidmətimiz var. 10 manatlıq menyümüz var. İsti və soyuq qəlyanaltılar, iki cür kabab və sərinləşdirici içkilər də daxil olmaqla 10 manatdır. Hər zaman qulluğunuzdayıq".
"Malakan bağı"nda fəaliyyət göstərən iaşə obyektinə də baş çəkdik. Burda müştərilər üçün xüsusi iftar menyüsü yoxdur: "İftar menyüsü tərtib etməmişik. Amma çox zəngin mətbəximiz var. Həm Azərbaycan, həm də Avropa mətbəxinə uyğun müxtəlif çeşidləri təqdim edirik. Qiymətlər isə bir nəfərə 17 manata başa gəlir. Yüksək xidmət və ləzzətli süfrəmizlə hər zaman xidmətinizdəyik".
"Jumeirah Bilgah Beach Hotel"də açıq bufet 48 manata, xüsusi menyu 25 manata təklif olunur.
"Fairmont Baku" hotelinin "Le Bistro" fransız restoranında bir nəfər üçün 35 manata zəngin iftar menyüsü təklif edilir.
"Four Seasons Hotel Baku" öz qonaqlarını "Zafferano Restaurant"da iftar etməyə dəvət edir. Burada oruc tutan hər kəs üçün xüsusi menyu tərtib edilib. İftar vaxtı hər bir qonağı xüsusi açılmış süfrə gözləyəcək. Qonaqlar axşamı burada keçirə, salatların, isti yemək və ləzzətli desertlərin dadından zövq ala bilər. Bir nəfər üçün qiymət 39 manatdır. "Four Seasons Hotel Baku" böyük kampaniyada iftar edənlər üçün banket zalı və xüsusi menyu təklif edir. Bir nəfər üçün qiymət 45 manatdan başlayır.
Paytaxtın bir sıra əyləncə və ticarət mərkəzlərində yerləşən kafelərdə də xüsusi iftar menyu tərtib edilib:
sup, salat, ət və ya toyuq sote, şirniyyat və içki -11 AZN,
sup, salat, iskəndər plov, içkilər və şirniyyat -13 AZN,
sup, salat, "təndir" quzu , şirniyyat və içki -15 AZN.
Şirniyyat: sütlac, gülac, şokella.
Kapuçino və Minnibon - 6 AZN,
çay və Minnibon - 3 AZN.
Ramazan ayı münasibətilə bütün SinnaPak-lara 50% endirim.
Təklif olunan qiymətlərə nəzər saldıqda, ötən illərə nisbətən artım olduğunun şahidi oluruq. Belə ki, 2 il əvvəl ortalama menyülərin qiyməti 5 manat olsa da, bu il 10 manatdan aşağı menyülərə çox nadir hallarda rast gəlmək olar.
Ortalama 1 nəfərlik menyünü 15 manatdan götürsək, oruc tutan şəxs 1 ay boyunca 450 manat sırf iftar üçün xərcləməlidir. Bu məbləğ isə orta statistik azərbaycanlının 1 aylıq əməkhaqqından çoxdur. Bir ailədə 3-4 nəfər orucunu açmaq üçün hər gün restoranlara üz tutarsa, bu rəqəm 1000-1500 manata kimi gəlib çıxır.
İlahiyyatçı alim Hacı Şahin Həsənli hesab edir ki, orucluq sosial mahiyyəti olan ibadətlərdən sayılır. Bu ay həm də sosial bərabərlik ayıdır: "İstənilən cəmiyyətdə insanların maddi durumu eyni ola bilməz. Ramazan ayı bizə fərqli maddi durumu olan insanların bir-birinə yaxınlaşması üçün fürsət yaradır. Ramazan ayının iftar süfrələri məhz bu məqsədə xidmət edir ki, insanlar bir yerə toplaşıb iftar aça bilsinlər, bunlar arasında elə ciddi fərq olmasın. İftar süfrələri mümkün qədər sadə olmalıdır. Ümumiyyətlə, İslam dini israfçılığın əleyhinədir. Xüsusilə iftar süfrələrində 1 və yaxud 2 növ yemək verilsə, bunlardan da biri sulu, digəri quru xörək olarsa, yaxşı olar. Ancaq bu, insanları doyuracaq həddə olmalıdır. Süfrə sadə və doyumlu olsa, daha yaxşıdır. Hədislərdə də deyilir: Kim oruc tutan bir şəxsə hətta bir xurma ilə olsa belə, iftar versə, sanki bir qul azad edir Allah yolunda".
İlahiyyatçının sözlərinə görə, iftarın çox böyük savabı var: "Dində iftar süfrələri üçün konkret qiymət müəyyən olunmayıb. Bu məsələdə insanlara güzəşt etmək çox yaxşı olar. İmkanı olan insanlar iftar verməlidirlər. Şadlıq evlərinin buna imkanı varsa, güzəştli şəkildə iftar məclisləri təşkil etsinlər. Paytaxtda hər gün təmənnasız iftar verilən yerlər var. Bu, əslində insanların özünün mənəvi qazancıdır. Bu yolda insan pulunu xərcləyərsə, onun ruzisinə Allah bərəkət də vermiş olar. Ramazan ayında insanların oruc olmasından istifadə edib, iftar süfrələrinin qiymətini qaldırmaq insafsızlıq olar".
Müsahibimiz qonşu müsəlman ölkələrində də Ramazan ayında iftara xüsusi diqqət göstərildiyini qeyd edib. Hətta bəzi yerlərdə müştərini cəlb etmək üçün müxtəlif kampaniyalar həyata keçirir, limitsiz çay təklif edirlər.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi