Ərdoğanın baş müşaviri: "Ermənilər məqsədinə çata bilmədi"

"Qondarma "erməni soyqırımı" iddiaları hələ mənim tələbə olduğum dövrlərdən alovlanmağa başlamışdı".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyə prezidentinin baş müşaviri, professor Seyit Sertçelik müəllifi olduğu “Rus və erməni mənbələri işığında erməni problemi və meydana çıxma prosesi - 1678-1914-cü illər” ikicildlik kitabının təqdimat mərasimində bildirib: "Təəssüf ki, həmin illərdə Türkiyədə bu mövzuda tutarlı bir kitab yox idi. Mən də bu mövzu üzərində işləməyə o zaman qərar verdim. Daha sonra Sankt-Peterburq Dövlət Universitetində aspiranturanı bitirdikdən sonra 8 il boyunca Rusiya arxivlərində bu mövzu ilə bağlı araşdırmalara başladım".

 

S.Sertçelik həmçinin ermənilərin qondarma "soyqırımı" iddialarını 2015-ci ildən başlayaraq daha da aktivləşdirdiyini desə də, öz məqsədlərinə çatmadıqlarına diqqət çəkib: "2015-ci ildə Azərbaycanla birlikdə həyata keçirdiyimiz birgə fəaliyyət nəticəsində onlar məqsədinə çata bilmədi. Ancaq bundan sonra da iki ölkənin, bir millət, iki dövlət olan ölkə tarixçilərinin bu istiqamətdə birgə fəaliyyəti davam etdirməli olduğunu düşünürəm".

 

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral isə kitab haqqında danışarkən onu keçmişi əhatə edən ən qiymətli əsər adlandırıb. O deyib ki, bu kitabdan tarixə biganə qalmayan hər kəs faydalanmalı, xüsusilə də gənclərin stolüstü kitabına çevrilməlidir.

 

Tədbirdə qeyd olunub ki, "Türk Petrolleri Anonim Ortaklığı (TPAO)"nun maliyyə dəstəyi ilə nəşr olunaraq dilimizə tərcümə edilən kitab  geniş oxucu kütləsi üçün nəzərdə tutulub və heç bir kommersiya məqsədi güdülmədən Azərbaycan rəsmilərinə, tədris müəssisələrinə, eləcə də digər ictimai qurum və təşkilatlara paylanılacaq.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR