İsmayıllıda taxıl, üzüm və tütün sahələri məhv oldu - TƏBİİ FƏLAKƏT
Güclü küləklə müşayiət olunan dolu və leysan yağışı İsmayıllı rayonunda kənd təsərrüfatına ciddi ziyan vurub.
APA TV-nin məlumatına görə, təbii fəlakət nəticəsində rayonun Qoşakənd, Ağbulaq, Qalıncaq, Quşencə, Hacihətəmli, Kürdmaşı kəndlərində 510 hektar taxıl sahəsini, 51 hektar üzüm bağını, 0,5 hektar tütün bitkisini, 3 hektar sahədə meyvə-tərəvəz və bostan məhsullarını tələf edib.
Yerli sakinlər İsmayıllıda belə güclü dolu yağışının uzun illərdir ki, müşahidə olunmadığını bildiriblər. Təxminən 15 dəqiqə ərzində düşən dolu hər tərəfdə qalın buz qatı yaradıb. Qoşakənd sakinlərinin sözlərinə görə ölçüsü təxminən qoz boyda olan dolu meyvə-tərəvəz, taxıl və otlaq sahələrinə böyük ziyan vurub: "Mənim 60 yaşım var, amma hələ bu cür fəlakət görməmişdim. Qəflətən düşən dolu taxılımızı məhv etdi, zəhmətimiz hədər getdi. İndi sahələrdə məhsul olmadığı üçün taxıl biçini aparılmayacaq. Dolu vuran taxıl zəmilərinə kombayn çıxarılmayacaq. Sünbüllərdə dən qalmayıb, hamısı yerə tökülüb".
Sakinlər dolunun onlara evdən çıxmağa imkan vermədiyini deyir: "Dolu imkan vermədi ki, evdən bayıra çıxaq, mal-qaranı, toyuq-cücəni qapalı yerə salaq. Qəflətən düşən dolu ağaclardakı meyvələri, hətta yarpaqları da yerə töküb. Bostan və tərəvəz məhsullarımız, toyuq-cücə tələf oldu, dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə xeyli ziyan dəyib. Dolu çox davam edərdisə, böyük fəlakət ola bilərdi".
Təbi fəlakətdən ziyan çəkən kəndlilər böyük maddi vəsait və zəhmət hesabına əkib-becərdikləri kənd təsərrüfatı məhsullarına görə ciddi ziyanla üzləşdiklərini və buna görə müəyyən qurumların kompensasiya ödəməsini istəyirlər.
İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi Paşa Məmmədov APA TV-nin yerli bürosuna bildirib ki, dolu rayonun 10-dan çox kəndinə düşüb, taxıl və üzüm sahələrini məhv edib, məhsuldarlıq çox aşağı düşüb. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarına dəyən ziyanın aradan qaldırılması üçün həmin əkin sahələri mütləq sığortalanmalıdır. Lakin kənd təsərrüfatı sahəsi riskli olduğu üçün sığorta şirkətləri əkin sahələrini sığortalamaqda maraqlı deyil: "Əhaliyə dəyən ziyanın ödənilməsi üçün sığorta şirkətləri və fermerlər arasında maarifləndirmə işlər aparılmalıdır. Bu sahədə ardıcıl iş görülməli və üzüm, taxıl sahələri, meyvə bağları sığortalanmalı və bu cür təbii fəlakətlər zamanı kəndlilərə dəyən ziyanın bir qismi ödənilməlidir".
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi