Ramazanda necə qidalanmalı? - HƏKİM MƏSLƏHƏTİ

Bu il Ramazan ayı yay mövsümünə təsadüf etdiyindən, insanlar təxminən 17 saat oruc tutacaqlar. Bu səbəbdən oruc tutarkən qidalanmaya xüsusi diqqət yetirilməlidir. Xüsusən də iftardan imsaka qədər olan müddətdə orqanizmi gündəlik tələbatı olan 2-2,5 litr su ilə təmin etmək lazımdır.

 

Terapevt-hepatoloq Sevindik Arazov deyir ki, oruc tutarkən imsaka qalxmaq mütləqdir və iftar zamanı birdən-birə həddindən artıq qida qəbul etmək tövsiyə olunmur: "İftar zamanı bir xurma ilə, yaxud 4-5 zeytunla və bir fincan su ilə açdıqdan sonra balaca bir nimçə şorba daha yaxşı olar ki, bu şorbalar tərəvəz tərkibli olsun. 10-15 dəqiqə sonra ana yeməyə keçmək lazımdır, ana yeməkdə yağı az olan ətdən hazırlanmış və ya toyuq ətindən hazırlanmış yemək olmalıdır. Yarım saat yürüş etdikdən sonra şirin şeylər yemək olar".

 

Həkim deyir ki, oruc tutan insanların sahur zamanı səhər yeməyində daha kalorili qidalanması lazımdır. Gün ərzində susuzluğa tab gətirə bilmək üçün isə çox duzlu, yağlı və şirin qidaları qəbul etmək tövsiyə edilmir: "İlk olaraq pendir və zeytunla başlamaq lazımdır. Daha sonra şorba, ondan sonra isə  südlü yarmalardan - yulaf yarması, amma az yağda olması şərti ilə - həftədə 2-3 dəfə südlü yarmadan istifadə etmək olar".

 

Həkim deyir ki, oruc tutan insanların mənəvi təmizlənmə ilə yanaşı, həm də orqanizm də istirahət edir: "Orqanizmdən artıq şlakların xaric olunması, bədən çəkisinin azalması ola bilər. Mədə-bağırsaq sistemi şlaklardan xaric olunur, qan damarımızdakı piləklər azala bilir, qaraciyər piylənməsi aradan qalxır, qan şəkərinin təmizlənməsi normaya düşür. Bəzən mədə-bağırsağında problem olan insanlarda qıcqırma hissi arta bilir və ya qəbizliyi olan insanların qəbzliyi arta bilir. Bunun üçün də şirniyyat məhsulları əvəzinə, mövsümi meyvələrdən istifadə etmək lazımdır".

 

Həkimin sözlərinə görə, 9 yaşdan aşağı olan uşaqlar və 65 yaşdan yuxarı olan insanların, böyrək xəstələrinin, şəkərli diabet, dializ xəstələrinin və hamilə qadınların oruc tutması tövsiyə olunmur.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR