Tərtərdə çiyələk sahələri genişləndirilir
Çiyələyin geniş yayıldığı Quba, Xaçmaz, Qusar, Şəki, Zaqatala, Lənkəran və Qarabağın bəzi rayonlarının siyahısına bu il Tərtər rayonu da əlavə olunub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, tərtərlilər yerli sortlarla yanaşı, xaricdən gətirilən çiyələk növü də becərirlər. Bazarlara ilk çıxan yazın və süfrələrin sevimli giləmeyvəsi olan çiyələk plantasiyaları genişlənib. Tərtər rayonu, xüsusilə rayonun İrəvanlı kəndi son illər çiyələk becərilməsi ilə məşhurlaşıb. Bir aydır sahələrdən çiyələk toplayan fermerlərin sözlərinə görə, bu proses noyabrın sonunadək davam edəcək. Əslində yerli çiyələyin yığım müddəti may ayında 25-30 gündür. Lakin xaricdən gətirilən “Viktoriya” çiyələk növü payız aylarınadək məhsul verdiyindən, kəndlilər daha çox bu sorta üstünlük veriblər. Viktoriya sortu görünüşü, saxlama müddəti və məhsuldarlığı baxımından yerli sortlarla müqayisədə daha əlverişlidir.
Çiyələyə bazarlarda tələbat var. Hazırda bostanlarda 80 qəpikdən, bazarlarda isə bundan daha baha qiymətə satılır. Cəmi 40 sot torpaq sahəsində çiyələk becərən Matı nənə bu mövsüm kifayət qədər məhsul götürəcəyini desə də, hər sotdan neçə kiloqram məhsul götürdüyünü və ya ümumilikdə nə qədər pul qazanma imkanı olduğunu demir. Deyir ki, bu biznes sirridir.
Xaricdən gətirilən sortlar məhsuldar olsa da, dadı və xəstəliyə dözümlülüyünə görə yerli sortların yerini verə bilmir. Havanın temperaturu 25 dərəcəni keçdikdən sonra bitkidə quruma başlayır. Çiyələk becərməkdə kifayət qədər təcrübəsi olmayan kəndlilər bəzən bu xəstəliklərin nə adını bilir, nə də mübarizə aparmaq yollarını...
Xalq təbabətində çiyələkdən böyrəklərdə daş əmələgəlmə xəstəliyində, yarpaqlarından isə sidikqovucu dərman kimi istifadə olunur. Eyni zamanda orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır və həzm prosesini asanlaşdırır, qaraciyərin və öd kisəsinin iltihabını aradan qaldırır. Qurudulmuş meyvələrindən və yarpaqlarından çay hazırlayıb yel xəstəliyi və podaqra xəstəliklərinə qarşı içirlər. Çiyələk qan azlığında və ümumi zəiflikdə, eləcə də ağciyər xəstəliklərində qüvvətverici kimi çox faydalıdır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi