Şamaxıda qədim nekropol tapıldı
Şamaxı rayonu Dəmirçi kəndi ərazisində, Gəgəli yaylağı adlı ərazidə son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkar olunub. Nekropolun ərazisi təxminən 3 hektara yaxın sahəni əhatə edir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, həmin ərazidə ilkin arxeoloji tapıntılar oradan yol çəkilişi aparılarkən təsadüfən aşkarlanıb.
Mayın 7-dən 27-dək AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası professor 600 kvadratmetr sahədə qazıntı işləri aparıb. Tədqiqat zamanı 50-80 santimetr dərinlikdə 30-a qədər daş qutu qəbirləri aşkar edilib. Bir sıra əlamətlərinə görə abidənin eramızın III-IV əsrlərinə aid olduğu güman edilir.
Kvadrat formada olan qəbirlərin hamısının divarları çaydaşı və ya əhəngdaşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə iri sal daşlarla qapanıb.
Qəbirlərdə skeletlər sıx və ya zəif bükülü vəziyyətdə olmaqla sol böyrü üstə başı əsasən şimal-şərq istiqamətində aşkar olunub. Həmin daş qutu qəbirlərdə Albaniya dövrünə aid kifayət qədər zəngin və rəngarəng çeşidli maddi-mədəniyyət nümunələri qeydə alınıb. Daş qutu qəbirlərdə şüşə və metal nümunələr də qeydə alınıb. Metal əşyalar içərisində dəmir silah və bıçaqlar, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Tədqiq olunmuş qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb. Elmi cəhətdən çox mühüm tapıntılardan birisi isə həmin camların içərisində skeletin başı altında parça qalıqlarının aşkar olunmasıdır. Bu hələlik Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış ən qədim parça nümunəsidir. 10 saylı qəbirdəki skeletin yanına iri dəmir qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin ən azı sərkərdə və ya toplum içərisində xüsusi nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi