“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi başladı

Azərbaycanda ürək-damar xəstəlikləri ölümə səbəb olan xəstəliklər arasında birinci yeri tutur.

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev deyib: "Dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara kifayət qədər çox rast gəlinir.  Ölkəmizdə ürək-damar xəstəliklərindən ölənlərin sayı digər xəstəliklərdən ölənlərin sayından daha çoxdur. Buna görə də ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi hərf zaman aktuallığını saxlayır".


Kamran Musayev deyib ki, ürək-damar xəstəliklərinin geniş yayılmasının səbəbləri  passiv həyat tərzinə keçməyimiz, yemək-içmək vərdişlərimiz və siqaretdən istifadədir.

 

Qeyd edək ki, bu gün Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi işə başlayıb. Əvvəlcə Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan prezidenti İlham Əliyevin konqres iştirakçılarına təbrik məktubunu oxuyub.

 

Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, 2012-ci ildən bu günə kimi Elmi-Cərrahiyyə Mərkəzinin nəzdində yaradılan Ürək-Cərrahiyyə Mərkəzində 5000-ə yaxın ürək əməliyyatı keçirilib, onun 30 faizi uşaqların üzərində aparılıb.

 

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov isə bu gün Azərbaycanda beynəlxalq tədbirlərin uğurla təşkil olunduğunu deyib: “Bu gün Azərbaycan dünyanın ən böyük istinad nöqtəsidir. Müstəqil Azərbaycan dünyada, Cənubi Qafqazda nümunəvi bir ölkədir. Azərbaycanda sülh, sabitlik, əmin-amanlıq hökm sürür”.

 

İki gün davam edəcək “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi çərçivəsində keçirilən sessiyalarda dünyanın 10-dan çox ölkəsindən mütəxəssislər, yerli həkimlər, ümumilikdə 400-dən çox kardioloq, ürək-damar cərrahı iştirak edəcək, kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində ən son nailiyyətlər müzakirə ediləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR