Prezident: “Dilənçi Ermənistandan fərqli olaraq, biz ordumuzu öz hesabımıza təmin edirik”

“Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır. Bütün büdcə proqnozları yerinə yetirilir”. APA TV-nin məlumatına görə, bunu prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib. Dövlət başçısı əlavə edib ki, narahatlıq üçün heç bir əsas yoxdur:

 

“Mən nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm. Xüsusilə nəzərə alsaq ki, bizim valyuta ehtiyatlarımız da artır, bu il də artıb. Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Ona görə, istənilən ölkə, bax, bu vəziyyəti özü üçün arzulaya bilər”.

 

Prezident deyib ki, ordu quruculuğu istiqamətində siyasət özünü tam doğruldub. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Beynəlxalq reytinqlər də bunu göstərir. Dövlət başçısı bildirib ki, ordumuzun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, orduda vətənpərvərlik ruhu yüksək səviyyədədir.

 

"Bu gün biz ən qabaqcıl texnologiyalara malik olan texnika alırıq, silahlar alırıq və alacağıq. Ordumuz üçün nə qədər vəsait ayırmaq lazımdırsa, biz o qədər də ayıracağıq. Dilənçi Ermənistandan fərqli olaraq, biz ordumuzu öz hesabımıza təmin edirik, müstəqil ölkə kimi yaşayırıq. Onlar isə başqa yolu seçiblər, bu, müstəmləkə yoludur, bu, onların seçimidir”.

 

Prezident bəyan edib ki, Azərbaycanın xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir:

 

“Bu istiqamətdə bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpağımızda yaradılıbdır. Biz yaxşı bilirik ki, 1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilib. Ona görə, torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılması mümkün deyil”.

 

Dövlət başçısının sözlərinə görə, Azərbaycan öz siyasətimizi davam etdirəcəyik: “Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və biz bu siyasətdən bir millimetr də geri çəkilən deyilik”.

 

 

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR