“ASAN Radio” və “APA Holding” arasında memorandum imzalandı
Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin “ASAN Radio” departamenti və “APA Holding” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
APA TV-nin xəbərinə görə, sənədi “ASAN Radio” departamentinin müdiri Emin Musəvi və “APA Holding”in Direktorlar Şurasının sədri Nurşən Quliyev imzalayıblar.
Memorandum “ASAN Radio” və “APA Holding” arasında informasiya dəstəyi, eyni zamanda digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir. Memoranduma əsasən APA və Lent.az informasiya agentlikləri haqda imic roliklərin “ASAN Radio”nun efirində yayımlanması, APA TV-nin linkinin “ASAN Radio”nun saytında və rəsmi Facebook səhifəsində yerləşdirilməsi nəzərdə tutulub. Ayda bir dəfə isə APA İnformasiya Agentliyinin əməkdaşı “ASAN Radio”nun efirində qonaq olacaq və həftə ərzində APA-nın hazırladığı ən aktual araşdırma, təhlil və ya sorğu barədə 15 dəqiqə müddətində çıxış edəcək.
“APA Holding”ə daxil olan qurumlar, eyni zamanda “ASAN Radio”nun yaranma günlərinin qeyd edildiyi ərəfələrdə qarşılıqlı şəkildə təqdimatların edilməsi, veriliş və proqramlarda bu faktlara yer verilməsi, “APA Holding”ə daxil olan Vesti.az və Lent.az-ın saytlarında gün ərzində 3-5 xəbərin “ASAN Radio”ya istinadla dərc edilməsi, Lent.az-da radioda yayımlanan verilişlərin anonsu, məzmununa aid informativ materialların yerləşdirilməsi, “QəbuldASAN” və bu tipli başqa sosial məzmunlu verilişlərə informasiya dəstəyi verilməsi məsələləri memorandumda öz əksini tapıb.
Eyni zamanda “ASAN radio”nun əməkdaşı ayda bir dəfə APA TV-nin qonağı olacaq və radioda həyata keçirilən layihələr haqda müsahibə verəcək ki, bunun da əsasında reportaj hazırlanacaq.
Memorandumla Azərbaycanın regionlarında, müxtəlif ölkələrdə baş vermiş əhəmiyyətli hadisələrlə bağlı həmin bölgələrdə, ölkələrdə fəaliyyət göstərən APA İnformasiya Agentliyinin əməkdaşlarının “ASAN Radio”nun xəbər, yaxud xüsusi buraxılışlarına canlı bağlantı ilə qoşulması, “APA Holding”ə daxil olan qurumların, “ASAN Radio”nun yarandığı günlərdə qarşılıqlı şəkildə təqdimatların edilməsi, veriliş və proqramlarda bu faktlara yer verilməsi, APA, APA TV və Lent.az-ın saytlarının baş səhifələrində “ASAN Radio”nun banneri və “dinlə” düyməsi yerləşdiriləcək.
İmzalanma mərasimində çıxış edən“APA Holding”in Direktorlar Şurasının sədri Nurşən Quliyev bildirib ki, media orqanları arasında əməkdaşlığın qurulması və genişləndirilməsi mühüm məsələdir: “Qısa müddət ərzində fəaliyyətə başlamasına baxmayaraq, uğur qazanmış, populyar olan “ASAN Radio” ilə memorandum imzalamaq bizim üçün sevindirici haldır. Hesab edirəm ki, bu əməkdaşlıq təkcə hər iki tərəfə yox, eyni zamanda Azərbaycan mediasına öz töhfəsini verəcək. Bundan sonra biz həm də digər media qurumları ilə yeni sazişlərin imzalanması barədə düşünəcəyik”.
“ASAN Radio” departamentinin müdiri Emin Musəvi deyib ki, bu əməkdaşlıq hər iki tərəf üçün çox faydalı olacaq: “ASAN Radio” nəinki ən gənc radio, həm də ən gənc media orqanlarından biridir. Biz qısa müddət ərzində çalışdıq ki, keyfiyyətli məhsulu dinləyicilərimizə təqdim edək. FM deyildikdə biz F - faydalı, M - məlumatlandırma nəzərdə tuturuq. “APA Holding” kimi çox ciddi, peşəkar, operativ və tam dəqiq tərzdə fəaliyyət göstərən bir qurumla əməkdaşlığa başlamaq bizim işimizi daha maraqlı və daha faydalı edəcək".
Daha sonra Emin Musəvi “ASAN Radio”nun fəaliyyəti barədə məlumat verib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi